İcbari tibbi sığorta çərçivəsində xəstəxanalara təhkim olunma qaydası müəyyənləşəcək

Nazirlər Kabinetinə 3 ay möhlət verildi

Azərbaycanda tətbiq olunacaq icbari tibbi sığorta ilə əlaqədar tibbi xidmətlərin xidmətlər zərfinə daxil edilməsi və ya tibbi xidmətlərin xidmətlər zərfindən çıxarılması meyarları və qaydası müəyyənləşdiriləcək.

Bu, Prezident İlham Əliyevin dekabrın 24-də imzaladığı “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 3 dekabr tarixli 1718-VQD nömrəli Qanununun tətbiqi və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1441-VQD nömrəli Qanununun tətbiqi və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 dekabr tarixli 241 nömrəli Fərmanının ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 31 yanvar tarixli 502 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” fərmanda əksini tapıb.

Fərmana əsasən, Nazirlər Kabinetinə 3 ay müddətində tibbi xidmətlərin xidmətlər zərfinə daxil edilməsi və ya tibbi xidmətlərin xidmətlər zərfindən çıxarılması meyarları və qaydasını müəyyən etmək tapşırılıb.

Xidmətlər zərfi icbari tibbi sığortanın maliyyə mənbələri hesabına sığortaolunanlara müvafiq növdə, həcmdə və şərtlərlə göstərilən tibbi xidmətlərin toplusudur.

Nazirlər Kabinetinə 3 ay müddətində şəxslərin dövlət tibb müəssisəsinə təhkim olunması qaydasını müəyyən etmək də tapşırılıb. “Tibbi sığorta haqqında” qanuna əsasən, ilkin səhiyyə xidməti üzrə sığorta ödənişi Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydada dövlət tibb müəssisəsinə təhkim olunmuş şəxslərin sayına əsasən ödəniləcək. (apa)

AzNews.az