"Bu qayğı həm də Prezidentimizin aqrar sektora ayırdığı diqqətin göstəricisidir" "Bu qayğı həm də Prezidentimizin aqrar sektora ayırdığı diqqətin göstəricisidir"

Hökumət qurumlarından iş adamının məktubuna operativ reaksiya

"Bu qayğı həm də Prezidentimizin aqrar sektora ayırdığı diqqətin göstəricisidir"

Aqrar sektorun inkişafı Azərbaycan hakimiyyətinin iqtisadi siyasətinin əsas prioritetlərindən biridir. Hələ bir neçə il bundan əvvəl Prezident cənab İlham Əliyev neft erasının bitdiyini, qeyri-neft sektorunun inkişafı mərhələsinin başladığını rəsmən elan etmişdi. Azərbaycan üçün qeyri-neft sektorunun əsas sahəsi isə, sözsüz ki, aqrar sahədir. Prezidentin də vurğuladığı kimi, aqrar sektorun inkişafı təkcə iqtisadi potensialımızın artırılması, minlərlə iş yerinin açılması, əhalimizin hardasa yarısının yaşadığı kənd sakinlərinin maddi rifah halının yüksəldilməsi demək deyil, həm də ölkəmizin qida təhlükəsizliyinin təminatı, xaricdən asılılığının azaldılmasıdır ki, bu da bütün dövlətlər üçün 1 nömrəli strateji hədəf sayılır.

Sevindirici haldır ki, Azərbaycan hökuməti də Prezidentimizin qarşıya qoyduğu bu hədəfə böyük həssaslıqla yanaşır, yerli fermer təsərrüfatlarının inkişafı üçün əlindən gələni əsirgəmir. Əlbəttə, bu məsələdə xüsusilə KTN-nin üzərinə böyük məsuliyyətlər düşür. Azərbaycanın innovativ sahədə ən bacarıqlı kadrı sayılan İnam Kərimovun 2 il əvvəl Kənd Təsərrüfatı naziri təyin olunmasının da əsl sirri bu idi. Təsadüfi deyil ki, İnam Kərimov bu vəzifəyə təyin olunandan sonra aqrar sektorun inkişafında böyük irəliləyişlər nəzərə çarpmış, kənd təsərrüfatı sektoru ən müasir texnikalarla təchiz olunmuşdu. KTN ilə yanaşı, digər dövlət qurumlarının da bütün diqqətlərini bu sektora ayırması, hökumətin vahid komanda olaraq aqrar tərəqqiyə odaqlanması hər şeydən əvvəl fermer təsərrüfatlarının işini yüngülləşdirir. Bir kənd təsərrüfatı mütəxəssisi və şirkəti rəhbəri kimi qeyd etməyi özümə borc bilirəm ki, qarşılaşdığımız bir çox məsələlərin həllində hökumətin xüsusi qayğısını hiss edirik və bu da bizi daha əzmlə çalışmağa həvəsləndirir. Bir müddət əvvəl Azərbaycan hökuməti qarşısında qaldırdığımız quş əti və məhsullarının idxalı ilə bağlı məsələyə operativ cavab verilməsi də bunun ən bariz nümunələrindəndir.

Xatırladım ki, yanvar ayının 25-də Ukraynada quş qripi virusunun yayılması və Avropa Şurasının bu ölkədən quş məhsullarının idxalına qadağa qoyulması xəbəri yayılanda biz də hökumət qarşısında bənzər siyasətlərin həyata keçirilməsi məsələsini qaldırmışdıq. Azərbaycan Respublikası Nazirlər Kabinetinə, Qida Təhlükəsizliyi Agentliyinə, Kənd Təsərrüfatı Nazirliyinə şəxsən ünvanladığım məktubda təkcə Ukraynadan deyil, həmçinin Türkiyə, İran kimi eyni quş köçü marşrutu üzərində yerləşən ölkələrdən quş əti, ətlik istiqamətli cücələr və yumurta idxalına ən azı 3 ay müddətinə qadağa qoyulmasını xahiş etmişdim. Zira mənim fikrimcə, qanunvericilikdəki boşluqlardan yararlanan bəzi işbazlar quş qripinin yayıldığı ölkələrdən sözügedən məhsulları gətirərək vətəndaşları və quşçuluq sektorlarını ciddi təhlükə qarşısında qoyurlar.

Qaldırdığım məsələyə Azərbaycan hökuməti dərhal reaksiya verdi. Məktubu göndərdikdən cəmi 3 gün sonra – yanvarın 28-29-da Səba MMC, Siyazən MMC, Mərcan MMC və Xəmsə MMC-nin rəhbərliyi ilə hökumət nümayəndələrinin görüşü keçirildi. İki gün sərasər, aqrar sektordakı bir sıra problemlərin müzakirə olunduğu görüşdə Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev, Gömrük Komitəsinin müavini Cavad Qasımov, Qida Təhlükəsizliyi Agentliyinin Heyvan sağlamlığı şöbəsinin müdiri Qalib Ədbüləliyev, İqtisadiyyat Nazirliyinin Sənaye şöbəsinin müdiri Səməd Bəşirli, KTN-nin Fermerlər, assosiasiyalar və kooperativlərlə iş şöbəsinin müdiri Araz İsmayılov, Aqrar Təqdiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə, Aqrar Xidmətlər Agentliyinin sədr müavini Bayandur Rzayev və digər dövlət xadimlərimiz iştirak etmiş, təkliflərimizi dinləmiş, müvafiq qərarlar verəcəklərini bildirmişdilər. Özəlliklə KTN-nin demək olar ki, bütün strukturları ilə bu işi gündəmdə saxlamasını xüsusi qeyd etmək yerinə düşərdi.

Hökumət nümayəndələrimizin yerli təsərrüfatlara göstərdikləri bu qayğı həm də Prezidentimizin aqrar sektora ayırdığı diqqətin göstəricisidir. Mən başqa cənab Prezident İlham Əliyev olmaqla, qaldırdığımız problemlərlə operativ maraqlanan bütün hökumət orqanlarına minnətdarlığımı bildirirəm.

Mürvət Həsənli