Özəl pensiya fondları: Azərbaycanda yaranması hansı üstünlükləri gətirə bilər?

Dünya təcrübəsində Qərb, hətta bəzi MDB ölkələrində özəl pensiya fondları uzun müddətdir fəaliyyət göstərir. Bu fondların ölkəmizdə yaradılacağı təqdirdə hansı üstünlüklərinin olması müzakirə olunan mövzulardandır.

Mövzu ilə bağlı iqtisadçı-ekspert Elçin Rəşidov AzNews.az-a açıqlamasında bildirib ki, Azərbaycanda əhalinin pensiya haqlarını Dövlət Sosial Müdafiə Fondu hesablayır. Bu da tək fond tərəfindən idarə olunur.

“Təbii ki, burada çatışmazlıqlar var. Burada yığılan təqaüdlər bazarın tempinə uyğun olaraq böyümür. İnflyasiyaya məruz qalaraq kiçilir. Bu məsələnin qarşısını almaq üçün pensiya tutmaları icbari olmaqla müxtəlif özəl pensiya fondları yaradılmalıdır”, - deyə o qeyd edib.

Ekspet əlavə edib ki, Azərbaycanda özəl pensiya fondlarının yaradılması barəsində qanun sənədi hazırlanmalıdır:

“Fondun əsas məqsədlərindən biri böyüməkdir. İnsanların oradakı kapitalları itməməlidir. İstənilən dövlət idarəsində maraqların konflikti qaçılmazdır. Azərbaycanda özəl pensiya fondlarının yaradılması barəsində qanun sənədi hazırlanmalıdır. Həmin fondların fəaliyyəti insanların icbari şəkildə özəl pensiya fondlarında qeydiyyata alınmasına, bu barədə nəzarətin və bazarın yaradılmasına xidmət etməlidir. Bu deyilənlərin hər biri qanunda öz əksini tapmalıdır. Çalışan insanlar pensiya kapitallarını özəl pensiya fondlarında toplamalıdır. Bu özəl pensiya fondları insanlar üçün bank sektorlarında olduğu kimi kampaniyalar hazırlaya bilər. Bunun üzərindən də rəqabət yaranacaq. Özəl fond olduğuna görə həmişə də böyümə hədəfi olacaq. Hesab edirəm ki, münasibətlər dəyişməlidir. Necə ki, özəl banklar və sığorta şirkətləri varsa, bu qaydada da fondlar yaradılmalıdır”.

Ayan Rzayeva