- İşin içi
- 17:19
- 908
TAP AG 2026-cı ilə qədər qaz kəmərinin emissiyalarını 5 % azaldacaq

TAP AG boru kəməri şirkəti bu illin sonunadək Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) fəaliyyətindən yaranan istixana qazı emissiyalarını 5 % azaltmağı planlaşdırır.
Bu barədə AzNews.az-a şirkətdən məlumat verilib.
"Dekarbonizasiya hədəflərinə sadiqliyimiz çərçivəsində biz öz əməliyyatlarımızda 2050-ci ilə qədər iqlim neytrallığına nail olmağa çalışırıq. Əsas diqqətimizi qısa, orta və uzunmüddətli perspektivdə istixana qazı emissiyalarının azaldılmasında ən böyük təsir göstərən təşəbbüslərə, həmçinin enerji səmərəliliyini artıran tədbirlərə yönəldirik", - TAP AG-dən bildirilib.
Şirkətin məlumatına görə, TAP-ın karbon qazı emissiyalarının 90 %-dən çoxu qaz kompressorlarının işi ilə bağlıdır. Bildirilib ki, bu kontekstdə mövcud və gələcək kompressor stansiyalarında yeni elektrik kompressorlarının quraşdırılması imkanı nəzərdən keçirilir.
"2022-2025-ci illər üçün karbon idarəetmə planımız cari ilin sonuna qədər qısamüddətli hədəfləri nəzərdə tutur, Buraya TAP-ın istixana qazı emissiyalarının proqnozla müqayisədə 5 %, metan emissiyalarının 8 % azaldılması, həmçinin 2021-ci ildə sızmaların aşkarlanması və aradan qaldırılması kampaniyasının nəticələri ilə müqayisədə qeyri-mütəşəkkil (fugitiv) emissiyaların 54 % azaldılması daxildir", - TAP AG-dən bildirilib.
Şirkət həmçinin qeyd edib ki, ötən il TAP AG illik proqnozla müqayisədə ümumi istixana qazı emissiyalarını təxminən 20 %, metan emissiyalarını isə təxminən 58 % azaltmağa nail olub.
Xatırladaq ki, Trans-Adriatik Boru Kəmərinin tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir. Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükünə 2020-ci il dekabrın 31-dən başlanılıb.
Azərbaycan və Avropa İttifaqı arasında əldə edilən razılaşmaya əsasən, 2027-ci ilə qədər Azərbaycan qazının tədarükü ildə azı 16 milyard kubmetrə çatmalıdır. TAP-ın genişləndirilməsinin birinci mərhələsi çərçivəsində İtaliya 1 milyard kubmetr, Albaniya isə 200 milyon kubmetr Azərbaycan qazı alacaq.
İndiyədək TAP vasitəsilə Azərbaycandan Avropaya 45,6 milyard kubmetr qaz tədarük edilib.
AzNews.az