Macarıstanın XİN başçısı: Enerji şirkətlərimiz Azərbaycanın neft-qaz yataqlarında pay alıb

Macarıstanın enerji şirkətləri Azərbaycanın neft və qaz yataqlarında mülkiyyət hüququ əldə ediblər.

Bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüraliyevlə birgə mətbuat konfransında danışıb.

Onun sözlərinə görə, bu da həmin şirkətlərin təkcə alıcı deyil, həm də satıcı kimi beynəlxalq bazarlarda iştirak edə biləcəyi deməkdir: "Təbii ki, bu da bizi tamamilə fərqli bir müstəviyə çıxarır”.

Nazir bildirib ki, Macarıstan enerji təchizatının siyasi məsələ kimi göstərilməsi istiqamətində reallıqdan uzaq cəhdləri görür:

“Bu, absurd bir yanaşmadır. Enerji təchizatı fiziki məsələdir və bu gün vəziyyət belədir ki, Macarıstanın təbii qazla təminatı, demək olar, tam şəkildə Türkiyə üzərindən həyata keçirilməlidir. Əgər biz “Türk axını” qaz kəmərini çəkməsəydik, bu gün Macarıstanın təbii qazla təminatı fiziki olaraq mümkün olmazdı, çünki Ukrayna Şərq istiqamətindən Mərkəzi Avropaya qaz daşıyan boru kəmərini bağlayıb”.

P.Siyarto deyib ki, Qazaxıstanda isə yaxın zamanda ölkənin tarixində ilk dəfə olaraq təbii qaz hasilatına başlanılıb:

“Özbəkistan və Qazaxıstan nüvə enerji stansiyaları tikməyə qərar veriblər və bu layihələr çərçivəsində Macarıstanın nüvə sənayesinə aid texnologiyalardan da istifadə etməyi planlaşdırırlar. Türk Dövlətləri Təşkilatının təmsil etdiyi region dünya üzrə üçüncü ən mühüm neft və təbii qaz mənbəyinə çevrilib. Beləliklə, Macarıstanın bu ölkələrlə enerji sahəsində yaxşı əməkdaşlıq etməsi, təbii ki, böyük əhəmiyyət daşıyır”.

AzNews.az