Azərbaycan BMT-nin rəqəmsal ticarət üzrə hesabatında liderdir - ŞƏRH

Azərbaycanın BMT-nin “Rəqəmsal və davamlı ticarətin asanlaşdırılması üzrə 2025-ci il qlobal tədqiqatı” çərçivəsində əldə etdiyi nəticələr həm texniki, həm institusional, həm də strateji baxımdan çoxşaxəli irəliləyişlərin göstəricisidir. Qlobal səviyyədə aparılan bu genişmiqyaslı tədqiqatda Azərbaycanın 92.5 faiz icra səviyyəsi ilə Avrasiya regionunda ilk onluğa daxil olması ticarət idarəçiliyi sahəsində tətbiq olunan islahatların yalnız kağız üzərində qalmadığını, real nəticələr doğurduğunu təsdiqləyir.

Tədqiqat çərçivəsində qiymətləndirilən beş əsas istiqamət üzrə Azərbaycanın göstəricilərinə diqqət yetirsək, şəffaflıq, formal prosedurlar və institusional əməkdaşlıq üzrə 100 faiz nəticə əldə olunması son illərdə qəbul edilən normativ-hüquqi aktların, bir pəncərə sistemlərinin tətbiqinin və dövlət orqanları arasında koordinasiyanın gücləndirilməsinin nə qədər məqsədyönlü şəkildə həyata keçirildiyini göstərir. Bu sahədəki nailiyyətlər eyni zamanda investorlar və biznes subyektləri üçün inzibati maneələrin azaldılması, qərarvermə mexanizmlərinin sürətlənməsi və ticarət prosesində etimadın artırılması baxımından əhəmiyyətlidir.

Kağızsız ticarət üzrə 92.6 faiz, sərhədlərarası kağızsız ticarət üzrə isə 72.2 faiz səviyyəsində effektivlik göstərilməsi isə ölkənin rəqəmsal texnologiyaların tətbiqində irəli getdiyini göstərir. Lakin sərhədlərarası elektron məlumat mübadiləsi üzrə göstərici hələ də tam potensial səviyyədə deyil və bu sahə yaxın gələcəkdə xüsusi diqqət tələb edir. Bu göstərici yalnız texniki infrastrukturla deyil, həm də qonşu ölkələrlə informasiya sistemlərinin uyğunlaşdırılması, ikitərəfli və çoxtərəfli razılaşmaların genişləndirilməsi ilə bağlıdır. Bu isə həm regional diplomatiya, həm də texniki uyğunluq məsələlərində ardıcıl fəaliyyət tələb edir.

2015-ci ildən bu yana bütün indikatorlar üzrə ciddi faiz bəndi ilə irəliləyiş əldə olunması Azərbaycanın ticarətin rəqəmsallaşdırılması sahəsində sistemli və mərhələli şəkildə islahatlar apardığını ortaya qoyur. Bu irəliləyiş yalnız texnologiyaların tətbiqi deyil, eyni zamanda hüquqi, institusional və infrastruktur mühitin tədricən uyğunlaşdırılması ilə mümkün olmuşdur. Tədqiqatın nəticələri bu prosesin ardıcıllığını və davamlılığını da nümayiş etdirir.

Azərbaycanın bu nəticələri Asiya-Sakit okean regionu üzrə ilk yeddilikdə qərarlaşması ilə yanaşı, Şimal və Mərkəzi Asiya regionu, eyni zamanda dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr arasında liderliyini təsdiqləyir. Bu, Azərbaycanın nəqliyyat-logistika imkanlarını, tranzit mövqeyini və yeni dövrdə yaranan regional ticarət dəhlizlərindəki strateji əhəmiyyətini ön plana çıxarır. Xüsusilə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizində Çindən sonra ikinci mövqedə yer alması bu sahədə qlobal miqyasda artan rolunun nümunəsidir.

Digər vacib məqam isə Azərbaycanın beynəlxalq təşkilatlarda tutduğu lider mövqeyidir. Ölkəmiz İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, Müstəqil Dövlətlər Birliyi, D-8 və İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələr arasında rəqəmsal ticarət sahəsində ən yüksək göstəricilərə malikdir. Bu isə Azərbaycanın yalnız regional deyil, həm də beynəlxalq platformalarda rəqəmsal iqtisadiyyat və rəqəmsal transformasiya gündəmində aparıcı tərəfdaşlardan biri kimi tanındığını sübut edir.

Bu nəticələr Azərbaycanın strateji iqtisadi prioritetlərinə tam uyğun gəlir. Enerji sektorundan əldə olunan gəlirlər fonunda ölkənin diqqəti uzunmüddətli iqtisadi dayanıqlığın təmin edilməsinə, qeyri-neft sektorunun inkişafına və rəqəmsal texnologiyaların tətbiqi ilə institusional çevikliyin artırılmasına yönəlib. Bu baxımdan BMT-nin hesabatı həm nəticələrin təsdiqi, həm də gələcək islahatlar üçün motivasiyaedici təməl rolunu oynayır.

Eyni zamanda mövcud irəliləyişlər dayanıqlı şəkildə qorunmalı və sərhədlərarası elektron əməkdaşlıq sahəsində yeni addımlar atılmalıdır. Bu həm gömrük sistemlərinin inteqrasiyası, həm də rəqəmsal imza və sənəd dövriyyəsinin beynəlxalq səviyyədə tanınması kimi texniki və hüquqi aspektləri əhatə edir.

Bu nəticələr ölkədə həyata keçirilən sistemli, analitik yanaşmaya əsaslanan və beynəlxalq praktikanı nəzərə alan iqtisadi idarəetmə siyasətinin məhsuludur. Qarşıdakı mərhələdə bu mövqeni qorumaq üçün sürətlə dəyişən rəqəmsal texnologiyalara uyğunlaşma, insan kapitalının inkişafı və beynəlxalq əməkdaşlığın daha da dərinləşdirilməsi vacib olacaq. Çünki rəqəmsal ticarət yalnız texnologiya ilə deyil, güclü idarəetmə, çevik hüquqi mühit və davamlı siyasi iradə ilə uğur qazanır.

Nuray,

Aznews.az

image description image description