- İşin içi
- 10 İyul 15:30
- 1 141
Heydər Əliyev Beynəlxalq Aeroportu I yarımilə yekun vurub

Bu ilin I yarısı Azərbaycanın hava nəqliyyatı sektoru üçün təkcə statistik yox, həm də strateji baxımdan əhəmiyyətli bir mərhələ olub. Uçuşların intensivləşməsi, tranzit yüklənməsinin artması, sərnişindaşımada müşahidə olunan sabit yüksəliş ölkəmizin beynəlxalq aviasiya sistemində mövqeyinin daha da möhkəmləndiyini nümayiş etdirir.
Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportundan bildirilib.
Azərbaycan hava məkanı: tranzit üçün prioritet marşrut
Yanvar–iyun aylarında “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi ölkənin hava məkanında ümumilikdə 162 500-dən çox uçuşa xidmət göstərib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 20 % artım deməkdir. 2024-cü ilin ilk yarısında bu göstərici 135 500 təşkil etmişdi.
Bu uçuşların 77%-i – yəni 125 600 reysi – tranzit uçuşlar təşkil edib. Tranzit axınında 28 %-lik artım, Azərbaycanın hava məkanının Avropa ilə Asiyanı birləşdirən etibarlı və səmərəli hava dəhlizi statusunu daha da möhkəmləndirib.
Azərbaycan üzərindən ən çox uçuş həyata keçirən aparıcı beynəlxalq aviaşirkətlər arasında Turkish Airlines, Singapore Airlines, Thai Airways, Cathay Pacific və Air India ön sıralarda yer alıb.
İyunda isə tarixi rekord qeydə alınıb: bir ayda 29 300 uçuş, 28 iyun tarixində isə bir gündə 1057 uçuşa xidmət göstərilib — bu, Azərbaycanın aviasiya tarixində ən yüksək günlük göstəricidir.
Heydər Əliyev Beynəlxalq Aeroportu: sərnişin dövriyyəsində sabit artım
Azərbaycanın əsas hava qapısı olan Heydər Əliyev Beynəlxalq Aeroportu 6 ayda 3 milyon 452 min sərnişinə xidmət göstərib. Bu, ötən ilin eyni dövründə qeydə alınan 3 milyon 388 min sərnişin göstəricisi ilə müqayisədə 2 %-lik artımı əks etdirir.
Bu müddət ərzində 39 aviaşirkət (onlardan 16-sı loukoster) tərəfindən ümumilikdə 27 091 uçuş həyata keçirilib. Beynəlxalq sərnişinlərin sayı 3 milyon 114 min nəfərə çatıb və bu axının 51%-i xarici aviadaşıyıcıların payına düşüb. Bakı hava limanından 34 ölkə və 69 şəhərə birbaşa uçuşlar icra olunub.
Tranzit sərnişin axınında da güclü dinamika müşahidə olunub: bu göstərici 17% artaraq 196 498 nəfərə yüksəlib. Ən çox səyahət edilən beynəlxalq istiqamətlər sırasına İstanbul, Moskva, Tbilisi, Dubay və Əbu Dabi daxildir.
AZAL: beynəlxalq inkişaf və daxili optimallaşdırma
Milli aviadaşıyıcı “Azərbaycan Hava Yolları” QSC (AZAL) I yarımildə 1 milyon 857 min sərnişin daşıyaraq, 2024-cü ilin eyni dövründə qeydə alınan 1 milyon 811 min sərnişinlə müqayisədə 3 %-lik artıma nail olub. Bu sərnişinlərin 1 milyon 514 mini beynəlxalq reyslərin payına düşür ki, bu da ötən illə müqayisədə 4 %-lik artım deməkdir.
Daxili istiqamətlərdə, xüsusilə Bakı–Naxçıvan–Bakı marşrutu üzrə 1 713 reys yerinə yetirilib və 339 mindən çox sərnişin daşınıb. Sərnişin sayında 2% azalma müşahidə olunsa da, reyslərin sayındakı 6%-lik artım bu marşrutun çevik və tələbə uyğun planlaşdırıldığını göstərir.
Beləliklə, 2025-ci ilin ilk yarısında əldə olunan nəticələr Azərbaycanın hava nəqliyyatı sektorunun dayanıqlığını, çevikliyini və beynəlxalq inteqrasiya potensialını bir daha nümayiş etdirib. Qarşıdakı dövrdə bu dinamika rəqəmsallaşma, logistik transformasiya və beynəlxalq əməkdaşlıqların genişləndirilməsi baxımından mühüm strateji imkanlar açır.
AzNews.az