Xüsusi tənzimləmə rejimi rəqəmsal maliyyəyə keçidi necə formalaşdırır? - ŞƏRH

Azərbaycan Mərkəzi Bankının tətbiq etdiyi xüsusi tənzimləmə rejiminin ilk mərhələsi üzrə seçilən innovativ maliyyə texnologiyaları məhsullarının sınaq dövrü yekunlaşıb. Bu mərhələdə sınağa cəlb olunmuş dörd layihənin ikisi müsbət qiymətləndirilib və onların fəaliyyəti əlavə altı ay müddətinə uzadılıb. Digər iki layihə isə gözlənilən nəticələri vermədiyinə görə dayandırılıb. Bu proses Mərkəzi Bankın innovativ maliyyə texnologiyalarını tənzimlənmiş və təhlükəsiz çərçivədə sınaqdan keçirməyə yönəlmiş yeni nəsil nəzarət yanaşmasının praktik tətbiqi baxımından əhəmiyyətlidir.

Sınaqdan keçən layihələrə nəzər saldıqda, onların hər birinin virtual aktivlərin idarə olunması və istifadəsi ilə bağlı olduğu görünür. "Pasha Pay" MMC tərəfindən təqdim olunan və "m10" tətbiqinin "Binance" platforması ilə inteqrasiyasını nəzərdə tutan layihənin uğurla davam etməsi, Azərbaycanda beynəlxalq kriptovalyuta platformaları ilə əlaqəli lokal həllərin formalaşmasına şərait yaradır. Bu həm də ölkə daxilində istifadəçilərin qlobal platformalarla daha təhlükəsiz inteqrasiyasını təmin etmək baxımından texnoloji və hüquqi infrastrukturun formalaşması üçün önəmli addımdır. Digər tərəfdən, "Unicapital"ın "Kriptobroker" platformasının sınaqdan uğurla keçməsi, yerli bazarda tənzimlənmiş və şəffaf virtual aktivlər mübadiləsi xidmətlərinə tələbatın artdığını göstərir. Bu tendensiya qeyri-ənənəvi investisiya alətlərinə olan marağın artması və rəqəmsal maliyyə savadlılığının genişlənməsi fonunda baş verir.

Sınaq mərhələsində nəticə verməyən iki layihənin dayandırılması isə xüsusi tənzimləmə rejiminin effektiv filtrləmə və risklərin vaxtında aşkarlanması baxımından işlək olduğunu göstərir. Belə ki, bu layihələrin müvafiq nəticələrə nail ola bilməməsi, həm texnoloji dayanıqlıq, həm də bazar uyğunluğu baxımından müəyyən boşluqları üzə çıxarır. Lakin bu prosesin özü də bazarda keyfiyyətin qorunmasına və innovasiya fəaliyyətlərinin daha ehtiyatlı şəkildə inkişaf etdirilməsinə töhfə verir.

İqtisadi baxımdan bu sınaq rejimi bir neçə istiqamətdə müsbət təsir yarada bilər. Əvvəla, maliyyə texnologiyalarının tənzimlənmiş çərçivədə inkişafı, investor və istifadəçi etimadını artırır. Bu isə ölkəyə yönələn texnoloji investisiyaların həcmini artırmaqla yanaşı, rəqabətqabiliyyətli xidmət təkliflərinin də formalaşmasına səbəb ola bilər. Digər tərəfdən, uğurlu məhsulların geniş miqyasda tətbiqi nəticəsində maliyyə inklüzivliyi və rəqəmsal iqtisadiyyatın inkişafı daha da sürətlənə bilər. Kripto və virtual aktiv bazarının tənzimləmə çərçivəsinə salınması isə həm vergi sisteminə əlavə nəzarət imkanı yaradır, həm də maliyyə sabitliyi üçün mümkün riskləri vaxtında müəyyənləşdirməyə kömək edir.

Azərbaycan Mərkəzi Bankı tərəfindən irəli sürülən bu yanaşma, tənzimləyici institutların texnoloji yeniliklərə adaptasiyası baxımından regionda qabaqcıl nümunə sayıla bilər. Belə ki, AMB-nin bu model üzərindən həm yeni texnologiyaları sınaqdan keçirməsi, həm də tənzimləmə çərçivəsini real nəticələrə əsaslanaraq formalaşdırması, hüquqi bazanın modernləşdirilməsinə də zəmin yaradır. Bu isə nəticə etibarilə təkcə maliyyə sektoruna deyil, eyni zamanda rəqəmsal iqtisadiyyatın digər seqmentlərinə də transformasiya impulsları verə bilər.

Nuray,

Aznews.az