- İşin içi
- 13:46
- 1 233
Azərbaycanla İordaniya arasında ticarət dövriyyəsi 24 faiz artıb - Sahil Babayev
Azərbaycanla İordaniya hökumətləri arasında Hökumətlərarası Komissiyanın növbəti 4-cü iclası keçirildi. İclas çərçivəsində ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi istiqamətlərini müzakirə etdik. Eyni zamanda, müzakirələr çərçivəsində növbəti addımlarımızı da müəyyən etdik.
Aznews.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının maliyyə naziri Sahil Babayev Bakıda Azərbaycan Respublikası Hökuməti və İordaniya Haşimilər Krallığı Hökuməti arasında Ticarət, İqtisadi və Texniki Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın IV iclası başa çatdıqdan sonra jurnalistlərə açıqlamasında bildirib.
Nazirin sözlərinə görə, Azərbaycanla İordaniya arasında investisiya sahəsində, iqtisadi əməkdaşlıq, turizm, nəqliyyat sahəsində, hava nəqliyyatı, tranzit nəqliyyatı, humanitar əlaqələr sahəsində növbəti addımlar müəyyənləşdirilib:
"Xüsusi olaraq vurğulamaq istəyirəm ki, bizim aramızda ticarət dövriyyəsi 24 faizə qədər artıb. İordaniyadan Azərbaycana turizm axını da ötən illə müqayisədə artıb. Lakin əsas rəqəmlərin özünə baxdıqda bunun potensialımızdan geri olduğunu düşünürük. Həmkarımla Azərbaycanla İordaniya arasında yüksək səviyyədə olan siyasi əlaqələrimizin, ölkə rəhbərləri arasında olan geniş siyasi dialoqun, ölkələrimiz arasındakı dostluq münasibətlərinin daha da inkişafı üçün atılmalı olan addımları müzakirə etdik. Komissiyanın iclasının nəticəsi olaraq əməkdaşlığımızın növbəti adımlarını müəyyənləşdirən protokol, tədbirlər planı imzalandı. Bunun çərçivəsində növbəti dövrdə bu əməkdaşlığın genişləndirilməsi istiqamətində hökümət qurumları, eyni zamanda biznes dairələrimizin bir-birinə daha sıx təması üçün müvafiq proqramlar görüləcək. Bu günkü iclas çərçivəsində həmçinin 5 sənəd də imzalandı".
AzNews.az