Abşeronda bir neçə marketdən 10 min manatlıq oğurluq edən şəxs saxlanılıb

Abşeron rayonunda yerləşən marketlərdə silsilə talama cinayətləri qeydə alınıb.

Aznews.az xəbər verir ki, naməlum şəxs ayrı-ayrı vaxtlarda rayonun Saray qəsəbəsindəki marketlərə daxil olaraq 9270 manat nağd pul, 580 manat dəyərində tütün məmulatları və 400 manatlıq lotereya biletləri oğurlayıb.

Oğurluqları törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 30 yaşlı Xəyal Rüstəmov saxlanılıb.

Saxlanılan şəxsin marketlərə daxil olması, eyni zamanda pul, tütün məmulatları, eləcə də lotereyaları oğurlama anı və hadisə yerindən uzaqlaşması təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb.

Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.