ADB Azərbaycanı CAREC-də fintexin inkişafı sahəsində liderlərdən biri adlandırıb

Azərbaycan fintex texnologiyalarından fəal şəkildə istifadə hesabına kapital bazarının inkişafının sürətləndirilməsi üçün böyük potensiala malikdir.

Bu barədə Aznews.az Asiya İnkişaf Bankının (ADB) hesabatına istinadən xəbər verir.

Azərbaycan Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) regionunda institusional imkanlar göstəricisinə görə birinci, texnoloji inkişaf səviyyəsinə görə isə Çindən sonra ikinci yerdə qərarlaşıb.

ADB qeyd edir ki, bu göstəricilər ölkənin fintex həllərinə, eləcə də mövcud tənzimləyici və biznes imkanlarına əsaslanaraq qısa müddətdə kapital bazarının inkişafını sürətləndirmək iqtidarında olduğunu nümayiş etdirir. Bankın qiymətləndirmələrinə görə, fintex texnologiyaları həm ənənəvi kapital bazarlarının effektivliyinin artırılmasında, həm də alternativ maliyyələşdirmə platformalarının tətbiqində istifadə oluna bilər.

ADB vurğulayır ki, regional maliyyə əməkdaşlığı sahəsində kifayət qədər təcrübə olmasa da, Azərbaycan öz texnoloji və institusional potensialından tam şəkildə istifadə etməklə kapital bazarlarının inkişafında aparıcı mövqe tuta bilər.

Bank potensial liderliyin mümkün istiqamətləri sırasında regional fintex pasportunun yaradılmasını, regional tənzimləyici "sandbox" və birgə fintex icmasının formalaşdırılmasını, rəqəmsal identifikasiya üzrə tənzimləmələrin harmonizasiyasını, həmçinin paylanmış reyestr texnologiyaları (DLT) və oxşar həllərdən istifadə etməklə transsərhəd ödənişlərin inkişaf etdirilməsini qeyd edir.

ADB həmçinin vurğulayır ki, CAREC çərçivəsində kapital bazarlarının inkişafını sürətləndirmək üçün regional əməkdaşlıq zəruri şərtdir. Bu əməkdaşlıq maliyyə inteqrasiyasının dərinləşdirilməsində optimal strategiya olmaqla daha geniş və likvid kapital bazarlarının formalaşmasına töhfə verir. Bu bazarlarda şirkətlər ən səmərəli maliyyələşmə mənbələri, investorlar isə ən məhsuldar investisiya imkanlarını seçə bilər. Bundan başqa, regional əməkdaşlıq maliyyə qloballaşması və inteqrasiya prosesləri ilə bağlı risklərin idarə olunması üçün vacibdir.

Regional fintex əməkdaşlığı strategiyalarına gəlincə, ADB qeyd edir ki, əsas istiqamətlər ödəniş sistemləri və pul köçürmələrinin inkişafı, kapital bazarlarının inteqrasiyası, həmçinin fintex sahəsində nəzarət və transsərhəd tənzimləmədir.

Bununla yanaşı, bank vurğulayır ki, kapital bazarlarının inkişafı müxtəlif sahələrdə ardıcıl və əlaqələndirilmiş siyasi səylər tələb edən mürəkkəb və uzunmüddətli bir vəzifə olaraq qalır. Fintex həlləri və regional əməkdaşlıq bu məqsədə çatmağa kömək etsə də, dəyişikliklər struktur məhdudiyyətləri ilə əlaqədar daha ləng templə baş verə bilər.

Bu baxımdan iqtisadi siyasəti formalaşdıran orqanlara hərtərəfli və dəqiq strukturlaşdırılmış plana əsaslanan mərhələli və strateji yanaşma tövsiyə olunur. Bu yanaşmanın həyata keçirilməsi bəzi ölkələrdə təxminən 10 il, digərlərində isə 20 ilə qədər vaxt apara bilər.