General-polkovnik Elçin Quliyev bayram təbrikində nələri vurğuladı?

Dövlət Sərhəd Xidmətinin rəisi, General-polkovnik Elçin Quliyev 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə şəxsi heyətə təbrik ünvanlayıb.

Təbrikdə deyilir:

Cənab zabitlər, gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar, mülki işçilər!

Sizi 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, ailə səadəti, şərəfli fəaliyyətinizdə uğurlar arzulayıram.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü xalqımızın milli birliyinin, həmrəylik və vətənpərvərlik ruhunun təcəssümüdür. Bu əlamətdar tarix dünyanın müxtəlif yerlərində yaşayan soydaşlarımızı vahid məqsəd – müstəqil, güclü və suveren Azərbaycan ətrafında birləşdirmişdir.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin müdrik və qətiyyətli rəhbərliyi altında sərhədçilərimiz dövlət sərhədlərinin etibarlı mühafizəsi və müdafiəsinin təmin edilməsi istiqamətində üzərinə düşən vəzifələri yüksək peşəkarlıqla yerinə yetirir.

Ali Baş Komandanın göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində Dövlət Sərhəd Xidmətinin maddi-texniki bazası daha da möhkəmləndirilmiş, şəxsi heyətin döyüş hazırlığı, hərbi intizamı və peşəkarlığı yüksəlmişdir. Bu etimad bizləri daha böyük məsuliyyətlə xidmət etməyə ruhlandırmışdır.

Əziz sərhədçilər, Siz, ərazi bütövlüyünün və suverenliyinin qorunmasında böyük fədakarlıq göstərir, xalqımızın bayramı rahat və firavan keçirməsi üçün vətənin keşiyində ayıq-sayıq dayanır, öz müqəddəs borcunuzu şərəflə yerinə yetirirsiniz. Bu xidmət hər zaman yüksək qiymətləndirilir və böyük minnətdarlıqla qarşılanır.

2025-ci ilin “Konstitusiya və Suverenlik İli” kimi tarixə düşməsi Azərbaycan Respublikasının Konstitusiya prinsiplərinin möhkəmləndirilməsinə və suverenliyimizin daha da gücləndirilməsinə xidmət etmiş, bu dövrdə sərhəd təhlükəsizliyinin təmin edilməsi və ərazi bütövlüyümüzün qorunması istiqamətində mühüm işlər görülmüşdür.

Xüsusi ehtiramla qeyd etmək istəyirəm ki, müqəddəs amal uğrunda canlarını fəda etmiş şəhidlərimizin ailələri, sağlamlıqlarını itirmiş qazilərimiz və uzun illər şərəflə xidmət etmiş veteranlarımız Azərbaycan xalqının qürur mənbəyidir. Onların göstərdiyi fədakarlıq və qəhrəmanlıq heç zaman unudulmur və daim dövlətimizin diqqət mərkəzindədir.

Əminəm ki, Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı üçrəngli bayrağımız altında bundan sonra da vətənpərvərlik ruhunu və peşəkarlığını qoruyaraq üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəkdir.

Yeni ilin hər biriniz üçün yeni nailiyyətlər ili olmasını, ailələrinizə sevinc, firavanlıq və xoşbəxtlik gətirməsini arzulayıram.

Bayramınız mübarək olsun!

AzNews.az