- İşin içi
- 6 Yanvar 17:29
- 1 490
Hesablama Palatası: Naxçıvan üzrə gömrük daxilolmaları ehtiyatla proqnozlaşdırılıb
Hesablama Palatası Naxçıvan Muxtar Respublikasının 2026-cı il üzrə büdcə layihəsinin təhlili zamanı gömrük daxilolmaları üzrə proqnozların ehtiyatla qiymətləndirildiyini üzə çıxarıb.
Aznews.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin bu il büdcəyə 17,5 milyon manat vəsait köçürəcəyi proqnozlaşdırılıb. Bu göstərici 2024-cü ilin faktiki icra nəticələri ilə müqayisədə 4,8 milyon manat az, 2025-ci il üçün təsdiq edilmiş proqnozdan 5,5 milyon manat, cari ilin 9 aylıq icra göstəricisindən isə 3,7 milyon manat çoxdur.
Hesabatda vurğulanır ki, son illərdə Türkiyə ilə İran arasında yerləşən "Bəzirgan" gömrük-keçid məntəqəsində aparılan təmir-bərpa işləri nəticəsində yük avtomobillərinin bir hissəsinin Naxçıvan ərazisindən tranzit keçidi təmin olunub. Bu amil cari ildə gömrük daxilolmalarının proqnozdan artıq icrasına təsir göstərib.
Bununla yanaşı, Hesablama Palatası qeyd edir ki, əvvəlki illər gömrük daxilolmalarının proqnoz göstəricilərini üstələməsi növbəti dövr üçün proqnozların artımla müəyyən edilməsini şərtləndirsə də, proqnozlaşdırma prosesində iqtisadi əsaslandırmaların daha da gücləndirilməsinə ehtiyac var.
Auditor hesabatında bildirilib ki, aparılmış təhlillər gömrük daxilolmaları üzrə əhəmiyyətli icra risklərinin mövcud olmadığını göstərsə də, göstəricilərin real iqtisadi amillərlə dəqiq əsaslandırılması vacib hesab olunur.