- Rusiya və İran
- 7 Yanvar 16:02
- 4 003
İran təlatüm içində: Şahın oğlu əllərini ovuşdurur!
İranda son 10 gündür davam edən kütləvi etiraz aksiyaları fonunda ölənlərin sayı 36-ya yüksəlib. Ölkə üzrə vəziyyətin getdikcə gərginləşdiyi bir vaxtda İranın devrilmiş şahı Məhəmməd Rza Pəhləvinin oğlu Rza Pəhləvi diqqətçəkən açıqlama ilə çıxış edərək İran İslam Respublikasının “çöküş mərhələsinə daxil olduğunu” bildirib.
ABŞ mərkəzli İran İnsan Haqları Aktivistləri Xəbər Agentliyinin (HRANA) yaydığı məlumata görə, iqtisadi problemlər səbəbilə başlayan etirazlar ölkənin 31 əyalətindən 27-də baş verib. Aksiyalar zamanı 34 etirazçı və təhlükəsizlik qüvvələrinə bağlı 2 nəfər həyatını itirib. Ümumilikdə 285 fərqli nöqtədə keçirilən etirazlarda onlarla insan yaralanıb, 2 min 76 nəfər isə saxlanılıb. Yaralanmaların əksəriyyətinin plastik və saçma güllələr nəticəsində baş verdiyi qeyd olunur. İran rəsmiləri isə ölən və yaralananlarla bağlı hələlik rəsmi açıqlama verməyib.
Hökumətdən etirazları yumşaltmaq cəhdi
Etirazlar 10-cu gününə daxil olarkən Tehran hakimiyyəti ictimai narazılığı azaltmaq məqsədilə diqqətçəkən iqtisadi addım atıb. Hökumət əhaliyə aylıq 7 ABŞ dolları məbləğində yardım göstərilməsini gündəmə gətirib. Hökumət sözçüsü Fatimeh Mühacirani bildirib ki, bu dəstək ailələrin alıcılıq qabiliyyətini qorumaq və inflyasiyanın təsirini azaltmaq məqsədi daşıyır. Lakin yüksək yaşayış xərcləri fonunda bu məbləğin real təsirinin çox məhdud olacağı bildirilir.
Eyni zamanda İran Mərkəzi Bankasının idxalçılar və istehsalçılar üçün tətbiq olunan subsidiyalı valyuta məzənnəsində güzəştləri azaltmaq qərarı da etirazların daha da genişlənə biləcəyi ilə bağlı narahatlıqları artırıb. Mütəxəssislər bu addımın məhsul qiymətlərinə qısa müddətdə təsir göstərəcəyini və iqtisadi səbəbli aksiyaları dərinləşdirə biləcəyini qeyd edirlər.

Rza Pəhləvidən açıq çağırış: “İndi hərəkətə keçmək zamanıdır”
Protestolar fonunda ABŞ-da sürgündə yaşayan Rza Pəhləvi də proseslərə münasibət bildirib. Washington Post qəzetində dərc olunan məqaləsində o, İran hakimiyyətinin legitimliyini itirdiyini iddia edərək rejimin sona çatmasının qaçılmaz olduğunu vurğulayıb. Pəhləvi keçid dövrü üçün hazırlıqlarının tamamlandığını açıqlayıb və İran xalqına “tiran rejimindən qurtulmaq” çağırışı edib.
Televiziya çıxışında da oxşar fikirlər səsləndirən Rza Pəhləvi “mən hazıram” mesajı verərək beynəlxalq ictimaiyyətə, xüsusilə də ABŞ-a açıq siqnallar göndərib. Onun əvvəlki illərdə də buna bənzər çağırışlarla çıxış etdiyi xatırladılır.
İranda etirazların yaxın günlərdə hansı istiqamətdə inkişaf edəcəyi isə hələlik qeyri-müəyyən olaraq qalır.
AzNews.az