Azərbaycanda vahid xəzinə hesabının idarə edilməsindən ötən il 121 milyon manat gəlir əldə olunub

2025-ci ildə Azərbaycanda vahid xəzinə hesabının effektiv idarə edilməsi sayəsində dövlət büdcəsinə ümumilikdə 121 milyon manat gəlir təmin olunub.

Aznews.az xəbər verir ki, ötən ilin aprel ayından milli valyutada olan vahid xəzinə hesabının vəsaitlərinin hərrac üsulu ilə depozitlərə yerləşdirilməsinə başlanılıb. Bu mexanizmin tətbiqində əsas məqsəd dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə edilməsi və büdcə üçün əlavə gəlirlərin formalaşdırılmasıdır.

Mexanizm çərçivəsində dövlət büdcəsində müvəqqəti olaraq istifadə olunmayan sərbəst vəsaitlər şəffaf və rəqabətli depozit hərracları vasitəsilə bank sektorunda yerləşdirilir. Hərraclarda banklar faiz dərəcələri üzrə təkliflər təqdim edir və ən yüksək faiz dərəcəsi təqdim edən banklarda vəsaitlər depozitlərə yönəldilir. Bu yanaşma bir tərəfdən dövlət büdcəsi üçün əlavə faiz gəlirlərinin əldə edilməsinə, digər tərəfdən isə bank sektorunda likvidliyin artmasına şərait yaradır.

Ötən ilin 9 ayında keçirilmiş depozit hərracları nəticəsində dövlət büdcəsinə 98,6 milyon manat məbləğində faiz gəliri təmin edilib. Bundan əlavə, Azərbaycan Mərkəzi Bankının vasitəçiliyi ilə xarici valyuta vəsaitlərinin xaricdə likvid fondlara yerləşdirilməsi və idarə olunması nəticəsində il ərzində 22,4 milyon manat ekvivalentində faiz gəliri əldə olunub.

AzNews.az