- Türkiyə
- 8 Yanvar 00:46
- 6 784
Bu gəlin bütün qeybətləri alt-üst etdi: Qaraciyərini qayınanasına verdi!
Türkiyənin Samsun şəhərində qaraciyər çatışmazlığı diaqnozu qoyulan 59 yaşlı Ayşə Öztürk, Ondokuz Mayıs Universitetində (OMÜ) həyata keçirilən uğurlu əməliyyat nəticəsində sağlamlığına qovuşub. Oğlu ilə qan və toxuma uyğunluğu olmayan Ayşə Öztürkə qaraciyər onun gəlini tərəfindən bağışlanıb.
Təxminən 1,5 il əvvəl bel ağrısı şikayəti ilə xəstəxanaya müraciət edən Ayşə Öztürkün aparılan müayinələrdən sonra qaraciyər çatışmazlığından əziyyət çəkdiyi müəyyən edilib. Həkimlər tərəfindən təcili orqan köçürülməsi tövsiyə olunan xəstə, canlıdan canlıya orqan nəqli həyata keçirilən OMÜ Tibb Fakültəsi Xəstəxanasına müraciət edib.
Aparılan tibbi yoxlamalar nəticəsində Ayşə Öztürkün 15 illik gəlini, iki uşaq anası olan 34 yaşlı Tuğba Öztürkün donor ola biləcəyi müəyyənləşdirilib. 17 dekabr 2025-ci il tarixində həyata keçirilən canlıdan canlıya qaraciyər nəqli əməliyyatı uğurla başa çatıb.
OMÜ-nin rektoru, professor doktor Fatma Aydın qeyd edib ki, cəsəddən orqan tapmaq nisbətən asan olsa da, canlı donordan orqan əldə etmək çətin prosesdir. Bunun əsas səbəbi isə cəmiyyətdə orqan bağışı ilə bağlı maarifləndirmənin yetərli olmamasıdır. O, 2025-ci ildə universitetdə həyata keçirilən dördüncü canlı qaraciyər nəqli olduğunu da diqqətə çatdırıb. Donorun və xəstənin vəziyyətinin yaxşı olduğunu bildirən Fatma Aydın əlavə edib ki, bu il universitetin rəhbərliyi ilə 1396 nəfər orqan bağışına razılıq verib.
Ayşə Öztürkün oğlu, 40 yaşlı Şenol Öztürk anasının xəstəliyinin bel ağrısı ilə başladığını bildirib. O, özünün donor üçün uyğun olmadığını, lakin həyat yoldaşının toxuma uyğunluğu aşkarlandıqdan sonra əməliyyata razı olduğunu deyib: “Həyat yoldaşım sağ olsun, onun toxumaları uyğun gəldi. Lazımi müayinələrdən sonra əməliyyat olunduq. İndi hər şey yaxşıdır.”
Donor Tuğba Öztürk isə bildirib ki, söhbət bir insanın həyatından gedirdisə, bu qərarı verməmək mümkün deyildi. Onun sözlərinə görə, insan orqan nəqlinin nə qədər vacib olduğunu bu prosesi yaşadıqdan sonra daha yaxşı anlayır.
Ayşə Öztürk isə əməliyyatdan sonra həkimlərə və gəlininə minnətdarlığını ifadə edərək “gəlinim mənə ana kimi baxdı. Allah ondan razı olsun” deyə bildirib.
AzNews.az