Cəlilabadın mərkəzində qəzalı vəziyyətə düşən yollar təmir ediləcək

Cəlilabad şəhərinin bəzi küçələri uzun müddət təmir edilmədiyi üçün qəzalı vəziyyətə düşüb.

Aznews.az xəbər verir ki, Bu barədə rayon sakinləri məlumat verib.

Sakinlər xüsusilə Rayon Mərkəzi Xəstəxanasının yerləşdiyi Mehdi Hüseyn, həmçinin İlqar Zeynalov, Babək və Cavadxan küçələrində yolların vəziyyətindən narazıdırlar.

Onlar deyiblər ki, şəhərin bəzi ərazilərindəki yollarda təmir-bərpa işləri aparılsa da, həmin küçələr diqqətdən kənar qalıb. Yolların bərbad vəziyyətdə olması həm sürücülər, həm də piyadalar üçün ciddi problemlər yaradır. Asfalt örtüyünün dağılması nəticəsində yollarda iri çuxurlar əmələ gəlib. Bu isə nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirir, avtomobillərin tez-tez nasaz hala düşməsinə səbəb olur, sürücülərə maddi ziyan vurur.

Problemlə bağlı Cəlilabad rayon icra hakimiyyəti başçısının şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən "Report"un yerli bürosunun sorğusuna cavab olaraq bildirilib ki, qeyd olunan məsələ haqqında məlumatlıdırlar.

"Hava şəraiti düzələn kimi sözügedən küçələrdə təmir işləri aparılacaq", - nümayəndəlikdən bildirilib.