- İşin içi
- 18:39
- 1 501
Rüsumsuz ticarət xüsusi gömrük proseduru və onun əhatə dairəsi müəyyənləşir
Rüsumsuz ticarət xüsusi gömrük proseduru və onun əhatə dairəsi müəyyənləşir.
Aznews.az xəbər verir ki, bu, Milli Məclisin mayın 1-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq Gömrük Məcəlləsinə təklif edilən yeni – 33.-1-ci fəsildə əksini tapıb.
Rüsumsuz ticarət mağazalarının yerləşdiyi ərazi gömrük nəzarəti zonası hesab olunur. Rüsumsuz ticarət xüsusi gömrük proseduru altında malların yerləşdirilməsi və satışı gömrük orqanlarının nəzarəti ilə həyata keçirilir.
Rüsumsuz ticarət mağazalarının yaradılmasına icazənin verilməsi, yenidən rəsmiləşdirilməsi, dayandırılması, bərpa edilməsi, ləğvi və şərtlərinə riayət olunmasına nəzarət “Lisenziyalar və icazələr haqqında” qanunla müəyyən edilir. Müvafiq icra hakimiyyəti orqanı rüsumsuz ticarət mağazalarının reyestrini aparır, onların siyahısını nəşr edir, rəsmi internet informasiya ehtiyatında yerləşdirir və məlumatların daimi yenilənməsini təmin edir.
Rüsumsuz ticarət xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar üzərində gömrük nəzarəti həmin mallar təkrar ixrac və ya digər gömrük proseduru altında yerləşdirildikdə, məhv edildikdə, yaxud onlardan dövlətin xeyrinə imtina olunduqda başa çatmış hesab olunur.
Rüsumsuz ticarət mağazası ləğv edildikdə rüsumsuz ticarət xüsusi gömrük proseduru altında yerləşdirilmiş xarici mallar təkrar ixrac və ya bütün gömrük ödənişləri ödənilməklə sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında, bu mümkün olmadıqda isə müvəqqəti saxlanc və ya gömrük anbarında yerləşdirilməlidir.