İnternetdən alınan “arıqlama məhsulları”ndakı təhlükə - ŞƏRH

Arıqlama çayları və kofeləri, dərman preparatları, qida əlavələri kimi məhsulları internet üzərindən sifariş edərkən onların tərkibinə diqqət yetirilməsi tövsiyə olunur.

Aznews.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi vətəndaşlara müraciət edib:

“Araşdırmalar göstərir ki, bu qəbildən olan bəzi məhsulların tərkibində dövriyyəsi məhdudlaşdırılmış, güclü təsirə malik - sibutramin, preqabalin və qabapentin maddələri mövcuddur.

Xatırladaq ki, bu növ məhsullar sağlamlığınız üçün təhlükə yaratmaqla yanaşı, onların qanunvericiliyin tələblərinə riayət olunmadan sifarişi, əldə edilməsi və ya düzgün bəyan edilmədən ölkəyə gətirilməsi hüququ məsuliyyət də yaradır,”- Komitədən bildirilib.

Son illər sosial şəbəkələr və internet platformaları üzərindən satılan “arıqlama çayları”, “möcüzəvi kofelər” və müxtəlif qida əlavələri sürətlə yayılıb. Lakin bu məhsulların bir hissəsinin tərkibində insan sağlamlığı üçün təhlükəli və dövriyyəsi məhdudlaşdırılmış maddələrin aşkarlanması problemin artıq təkcə tibbi deyil, həm də hüquqi məsələ olduğunu göstərir.

Xüsusilə sibutramin kimi maddələr bir sıra ölkələrdə ürək-damar riskləri səbəbindən qadağan edilib. Preqabalin və qabapentin isə nəzarətsiz istifadə zamanı asılılıq və sinir sistemi problemləri yarada bilən güclü təsirə malik preparatlardır. Bu maddələrin “bitki tərkibli”, “tam təbii” adı altında gizlədilərək satılması isə istehlakçının aldadılması deməkdir.

Problem ondadır ki, internet üzərindən sifariş zamanı vətəndaşların əksəriyyəti məhsulun real tərkibini, istehsal mənbəyini və hüquqi statusunu yoxlamır. Nəticədə insanlar həm sağlamlıqlarını riskə atır, həm də bilmədən qanunvericiliyin pozulmasına səbəb ola bilirlər.

Dövlət Gömrük Komitəsinin xəbərdarlığı göstərir ki, məsələ artıq fərdi seçim çərçivəsini aşaraq ictimai təhlükəsizlik və nəzarət məsələsinə çevrilib. Buna görə də xüsusilə sürətli arıqlama vəd edən məhsullara qarşı daha diqqətli yanaşmaq, yalnız rəsmi qeydiyyatdan keçmiş və tibbi nəzarətlə tövsiyə olunan vasitələrdən istifadə etmək vacibdir.

Nuray,

Aznews.az