Dörd günlük müharibədə şəhid olmuş oğullarımızın ruhu qarşısında baş əyirik! Dörd günlük müharibədə şəhid olmuş oğullarımızın ruhu qarşısında baş əyirik!

“Hərbi uğurlarımız iqtisadi gücümüzün nəticəsidir”

Dörd günlük müharibədə şəhid olmuş oğullarımızın ruhu qarşısında baş əyirik!

Bu oğullar öz həyatları bahasına düşmənə - torpaqdan pay görməyəcəksiniz, xam xəyallar sizi aldatmasın dedilər! Düşmən buna inandı və Azərbaycan əsgərinin vətən uğrunda ölüm-dirim savaşına hansı qətiyyətlə atıldığını görüb, vahimələndi, qaçmağa üz tutdu. Əslində bu, bütövlükdə Azərbaycan xalqının işğalçılara qısa bir mesajı idi. Bu dörd günlük mesajdan sonra ermənilər başa düşdülər ki, "yiyələri" bir neçə gün də səsini qaldırıb onlara havadarlıq etməsəydi, Azərbaycan əsgərinin səsi təkcə Xankəndindən, Şuşadan deyil, Zəngəzur və Göyçə mahalından gələcəkdi. Erməni bunu başa düşdü. Sapı özümüzdən olan satqınlar isə müharibə vəziyyətində xalq-prezident vəhdətinin gücünü görüb erməni Azərbaycan əsgərinin şücaətindən vahimələndiyi kimi vahimələndilər. Başa düşdülər ki, belə vəhdət olan yerdə onların "siyasi müxalifliyi" ətraflarında özləri kimi olan 5-10 nəfərdən başqa heç kimə lazım olmayacaq və bu səbəbdən bərk əndişələndilər. Azərbaycan əsgərinin uğuruna qara yaxmaqdan da utanıb xəcalət çəkmədilər. Bu adamların siyasi əxlaqı yoxdur! Siyasi əxlaqı olmayan "siyasilər" isə hər bir yaramazlığın altından imza atmağı bacaranlardır.

Ölkənin cari ilin birinci rübünün yekunlarına həsr etdiyimiz bu yazıda bunları deməyə bilmədik! Bu, baş verən hadisələrə qısa bir münasibət idi. Bizim hər birimiz bu vətənin övladlarıyıq və deməli vətəni bizim üçün vətən kimi qoruyub saxlayan dövlətimizə də dəstək olmalıyıq!

Allah şəhidlərimizə rəhmət eləsin!

Aprelin 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. Birinci rübün ümumi iqtisadi yekunları gözlənildiyi kimi müsbət olmayıb. Dünya bazarlarında neftin qiymətlərinin 3-4 dəfə aşağı düşməsindən sonra, bir neft ölkəsində belə bir nəticə gözlənilən idi. Lakin heç kim buna faciə kimi baxmamalıdır. Hökumətin son 5-6 ay ərzində ölkədə qeyri-neft sektorunun sürətli inkişafını təmin edilməsi istiqamətində atdığı qətiyyətli addımlar, birinci rübdə iqtisadiyyatın neftdən kənar sahələrində əldə edilmiş pozitiv nəticələr, deməyə əsas verir ki, biz doğru yoldayıq. Birinci rübün yekunlarına görə qeyri-neft sənayesindəki, 5,0%-dən çox, aqrar sahədəki 2,7% artım, dünya iqtisadiyyatının tənəzzül yaşadığı bir dövrdə, bizi optimist əhval-ruhiyyədə olmağa səsləyir. Bu müşavirədə Prezident 2016-ci ili dərin iqtisadi islahatlar ili adlandırdı. İlin başlanğıcında iqtisadi, maliyyə və sosial islahatların dərinləşdirilməsi istiqamətində atılan qətiyyətli addımlar deməyə əsas verir ki, bu il biz həqiqətən real sektorun inkişafı istiqamətində indiyə qədər görə bildiyimizdən daha kordinal addımların şahidi ola biləcəyik. Ali məqsəd, ilk öncə Azərbaycanda normal biznes mühütünü formalaşdırmaqdan və bu hesaba iqtisadiyyatın real sektoruna həm daxili və həm də xarici investisiyaların cəlb olunmasını təmin etməkdən ibarətdir. Son bir neçə ay ərzində bu istiqamətdə kifayət qədər ciddi qərarlar qəbul edilib. Azərbaycan hökuməti qeyri-neft sektorunun sənaye, aqrar, tikinti, nəqliyyat, turizm kimi sahələrinin hər biri üzrə konkret tədbirlər planı ortaya qoyub. Bu plan yerlərdə sənaye zonalarının yaradılması və aqrar sektorda taxıl, pambıq və barama kimi strateji məhsul növlərinin istehsalının bir neçə dəfə artırılması hesabına ölkənin ixrac potensialının əsaslı şəkildə genişləndirilməsini, tranzit yükdaşımaların və ölkəyə turist axınının artırılması hesabına ölkəyə valyuta axınının kifayət qədər artırılmasını nəzərdə tutan bir plandır. Məqsəd, yaxın bir neçə ilə ölkə iqtisadiyyatının neftdən asılılığına son qoymaqdır. Bu məqsədə çatmaq yolunda ölkədə aparılan instutsional islahatların və struktur islahatlarının rolu kifayət qədər böyük olacaqdır.

Aparılan islahatlar yaxın illərdə ölkəmizin iqtisadi gücünün daha da artırılmasını təmin edə biləcəkdir. Dünyanın siyasi müstəvisində ölkəmizin gücünün artması və Qarabağ məsələsinin istədiyimiz şəkildə həlli də məhz iqtisadi cəhətdən daha güclü olmağımızı bizdən tələb edir. Bütün görülən işlər buna istiqamətlənməlidir. Güclü iqtisadiyyat həm siyasi güc, həm hərbi güc və həm də Azərbaycan vətəndaşının sosial durumunun güclənməsi deməkdir.

Fikrət Yusifov
"Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar
Birliyinin sədri, iqtisad elmləri doktoru, professor