Əhaliyə nağd pulla satış azaldılacaq – MÜSAHİBƏ - VİDEO

Nağdsız hesablaşmalar üzrə malların pərakəndə satışı və ictimai iaşə fəaliyyəti üzrə sahibkarlar ay ərzində 30 min manatlıq nağd hesablaşmalar apara bilərlər. Bu isə iri marketlərin 1 neçə saatlıq dövriyyəsidir. Belə çıxır ki, bu limit bitəndən sonra əhaliyə nağd pulla mal satmayacaqlar?

Fins.az-ın suallarını vergilər nazirinin müavini Sahib Ələkbərov və Vergilər Nazirliyinin Vergi Siyasəti və Strateji Araşdırmalar Baş idarəsinin rəisi Samirə Musayeva cavab verdi.

Sahib Ələkbərov:

- Bəli, bu məsələlər olduqca ciddi məsələlərdir, həm də konkret şəxslərin maraqlarına toxunan məsələlərdir. Amma qanun hamı üçün qanundur. Qanuna hamı əməl etməyə borcludur. Düzdür, bəzən elə olur ki, sahibkarlar müəyyən məsələləri həll edə bilmirlər. Müəyyən problemləri olur. Amma bu cür sahibkarlara güzəştlər də tətbiq edilir. Belə sahibkarlara müəyyən vaxt verilir. Azərbaycan reallığı bundan ibarətdir ki, bu gün ödənişlərin nağdsız qaydada aparılması üçün hər cür şərait yaradılıb və kifayət qədər post-terminallar var. 75 mindən çox post terminal işlək vəziyyətdə xidmət göstərir. Düzdür, banklarda baş verən məlum hadisələrdən sonra onların sayında müəyyən qədər azalma var. Amma bu, 75 min postterminal tamamilə kifayət edir. Əgər, yeni post-terminal quraşdırmağa ehtiyac yaranarsa, biz bunu da edə bilərik. İnsanların əlində 5 milyondan çox kart var. Amma sadəcə olaraq kartla alış-veriş etmək vərdişi yoxdur. Biz kartla ödənişlərə keçməliyik. Bu sistem dünyanın əksər ölkələrində tətbiq olunub. Sadəcə, bəziləri vegidən yayınmaq istəyir.

Samirə Musayeva:

- Nağdsız hesablaşmaların qanuni tələbləri 15 min və 30 minlik limit sahibkarın təqdim etdiyi yəni satdığı mallara görə alacağı limit deyil. Bu limit çərçivəsində sahibkar özü-öz sahibkarlığını təmin etmək üçün xərclər çəkir, yəni bir sahibkar 15 gündən yuxarı 15 min manata qədər nağd ödənişlə mal ala bilər. Dövriyyəsi 200 mindən yuxarı olan sahibkar ay ərzində nağd formada 30 minə qədər xərcləyə bilər.

Spirtli içkilərin nağd qaydada pərakəndə satışı qaydaları necə olacaq? 2017-ci ildə mal qalığı kimi mövcud olan sənədləşməmiş alkoqollu içkilərin və tütün məhsullarını aqibəti necə olacaq?

Samirə Musayeva:

- Spirtli içkilərin satışı ilə bağlı məsələlər bildiyiniz kimi, aksiz malların dövriyyəsi üzrə cənab prezidentin təsdiq etdiyi fərmanla tənzimlənirdi. Amma hazırda həmin qaydalara dəyişiklik tətbiq olunub. Pərakəndə satış zamanı vətəndaşlar spirtli içkiləri nağd qaydada ala biləcəklər. Amma sahibkarlar alkaqollu içkilərin alışını mütləqdir ki, nağdsiz ödəniş etməklə həyata keçirsinlər. Bununla əlaqədər olaraq həm cinayət, həm də qanunvericilik məcəlləsinə dəyişiklik edilib. Və qaydaların pozulması cinayət və inzibati xəta hesab olunacaq.

AzNews.az