Bu il Azərbaycan qeyri-neft sektoru üzrə 668 mln. dollarlıq məhsul ixrac edib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2018-ci ilin iyun ayı üçün buraxılışı təqdim olunub.

Mərkəzdən “APA-Economics”ə verilən xəbərə görə, icmalın bu sayında göstərilir ki, 2018-ci ilin yanvar-may ayları ərzində qeyri-neft sektoru üzrə ixrac 667,5 mln. dollar təşkil edib.

“2017-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-may aylarında qeyri-neft sektoru üzrə ixrac 112 milyon dollar və ya 20 faiz artıb. Dövlət Statistika Komitəsinin məlumatına əsasən cari ilin ilk 5 ayı ərzində Rusiyaya 223,2 milyon, Türkiyəyə 154,3 milyon, Gürcüstana 69,9 milyon, İsveçrəyə 56,5 milyon və Çinə 19,1 milyon dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac edilib.

2018-ci ilin yanvar-may ayları ərzində ən çox ixrac edilən qeyri-neft sektoruna aid məhsul isə 96,8 milyon dollarlıq dəyərlə tomat (pomidor) olub. 2017-ci illə müqayisədə bu ilin 5 ayında pomidor ixracı dəyər baxımından 21 faiz, həcm baxımından isə 15 faiz artıb. Həmçinin cari ilin yanvar-may ayları ərzində ən çox ixrac edilən qeyri-neft sektoruna aid mallar siyahısında ikinci yeri elektrik enerjisi (53,3 milyon ABŞ dolları) və üçüncü yeri qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda - 48,4 milyon ABŞ dolları) tutub. Ümumiyyətlə isə yanvar-may ayları ərzində meyvə-tərəvəz ixracı 189,8 milyon, plastmasa və onlardan hazırlanan məmulatların ixracı 59 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 58 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 28 milyon, kimya sənayesi məhsullarının ixracı 23,7 milyon, pambıq ipliyi ixracı 7,6 milyon ABŞ dolları təşkil edib.

2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin ilk 5 ayında elektrik enerjisinin ixracı 3,2 dəfə, meyvə-tərəvəzin ixracı 23,3 faiz, alüminium və ondan hazırlanan məmulatların ixracı 20,4 faiz, pambıq ipliyi ixracı 15 faiz, kimya sənayesi məhsullarının ixracı 11,4 faiz artıb,” – deyə məlumatda bildirilib.

Cari ilin may ayında isə qeyri-neft sektoru üzrə ixrac 182 milyon dollar təşkil edib. 2018-ci ilin may ayında ən çox qeyri-neft sektoruna aid mal ixrac edilən ölkələrin siyahısında ilk beşlikdə Rusiya (87,8 milyon ABŞ dolları),Türkiyə (27,1 milyon ABŞ dolları), İsveçrə (16,9 milyon ABŞdolları), Gürcüstan (13,5 milyon ABŞ dolları) və Niderland (6,3 milyon ABŞ dolları) qərarlaşıb.

2018-ci ilin may ayında qeyri-neft sektoru üzrə ixracda tomat (pomidor) birinci (54,3 milyon ABŞ dolları), kartof (16,3 milyon ABŞ dolları) ikinci, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda - 14,1 milyon ABŞ dolları) isə üçüncü olub. Tomat ixracını aylar üzrə təhlil etdikdə isə aydın olar ki, bu ilin may ayında ixracatçılarımız bu sahədə rekorda nail olublar.

AzNews.az