- Köhnə - İqtisadiyyat
- 10 Avqust 2018 16:13
- 6 805
“Lirənin məzənnədən düşməsi Türkiyəyə turist axını yaradacaq” - Natiq Cəfərli
Son günlərdə türk lirəsinin sürətlə dəyərdən düşməsi ilə xəbərlər Azərbaycanda da maraqla izlənilir. Bəs görəsən türk lirəsinin dəyərinin belə düşməsinin səbəbi nədir?
AzNews.az məsələ ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli ilə əlaqə saxlayıb. O bildirib:
“Türkiyə iqtisadiyyatında baş verən proseslərin əslində bir çox səbəbləri var. Bu sıraya siyasi, geosiyasi, beynəlxalq aləmlə xüsusən də Amerika ilə son zamanlarda gərginləşən münasibətlər də daxildir. Türkiyənin özəl sektorla birgə xarici borcu artıq 500 milyard dollara yaxınlaşır. Siyasi səbəbləri isə ondan ibarətdir ki, Türkiyədə keçid dövrünü yaşayır. Parlamentli respublikadan prezident idarə etməsi üsuluna keçdilər və bu keçid heç də asan olmadı. Ölkə əhalisinin demək olar ki yarısı bu keçidi dəstəkləmirdi. Bu da xarici investorları qorxudur və onlar türk aktivlərində olan vəsaiti dollara çevirib ölkədən çıxardırlar. Bu amil Türkiyə iqtisadiyyatına ciddi təsir göstərir və lirəyə olan təlabatı daha da artırır. Düşünürəm ki, siyasi atmosfer yumşalmasa, Türkiyədə ümumibarış mühiti bərqərar olmasa, investorlar Türkiyənin gələcəyinə inanmasa bu proseslər ən azı gələn ilin yaz aylarına qədər davam edəcək. Çünki gələn ilin yaz aylarında bələdiyyə seçkiləri keçiriləcək. O dövrə qədər belə təlatümlü proseslərin iqtisadiyyatda davam etməsi gözləniləndir. Ya da Amerika və Avropa ilə ciddi uzlaşma olmalıdır. Müxtəlif məsələlərin həllində bir birlərinə dəstək və kömək olmalıdır ki, bu təzyiq aşağı düşsün, Türkiyə iqtisadiyyatında müəyyən sabitlik yaransın. Gülməli səslənsə də, lirənin belə ucuzlaşması Türkiyə turizminin inkişafına səbəb olacaq. Xarici ölkələrdən, həmçinin Azərbaycandan Türkiyəyə turist axını olacaq və türizm sahəsində çalışan bir sıra şirkətlər böyük gəlirlər əldə edəcək”.
Nigar CƏFƏR
AzNews.az