- Köhnə - İqtisadiyyat
- 29 Dekabr 2015 14:51
- 3 906
Əhali əmanətlərindən narahatdır – İqtisadçılar çıxış yolunu nədə görür?

“Bankların birləşməsi nə devalvasiyanın qarşısını alacaq, nə də hansısa iqtisadi problemlərin həllinə gətirib çıxaracaq”.
Bunu AzNews.az-a açıqlamasında iqtisadçı-ekspert Rəşad Həsənov Milli Məclisin deputatı Vahid Əhmədovun bankların birləşməsi təklifini şərh edərkən deyib. O, bildirib ki, Bankların birləşməsi məsələsi uzun müddətdir ki, aktualdır: "Beynəlxalq maliyyə institutları Azərbaycana təklif ediblər ki, proses sürətlənsin və bankların birləşməsi prosesi tamamlansın. Mərkəzi Bankın 50 milyon manatlıq məcmu kapital tələbi də buradan qaynaqlanırdı. Bankların birləşməsindən əldə olunacaq vəsaitlər yaranmış vəziyyətdə bankların dayanıqlığı və maliyyə imkanlarını nisbətən gücləndirəcək. Eyni zamanda bir neçə bankın birləşməsi vahid tələbin icra olunmasına gətirib çıxarır. Tələblərdən biri də məcmu kapital tələbidir. 3 bank birləşirsə, artıq onların məcmu kapital öhdəliyi cəmi 50 milyon manat olur. Biri də var hər bir bank ayrı-ayrılıqda 50 milyon manatlıq öhdəlik yerinə yetirsin".
Ekspert hesab edir ki, bankların birləşməsi ilə sözügedən müəssisələrin xərcləri də azalacaq: "Azərbaycanda 45 bank fəaliyyət göstərir. Onların hər biri regionlar üçün kredit siyasəti həyata keçirirsə, ayrı-ayrılıqda orada şöbələri və nümayəndəlikləri olmalıdır. Bunların sayı azalırsa artıq bu istiqamətdə xərclər də azalır. Bunların azalması son nəticədə bank sistemində mənfəət normasını yüksəldəcək. Butün bunlar bank sisteminin möhkəmlənməsinə gətirən amillərdir".
R.Həsənov V.Əhmədovun ikinci təklifini, "əhalinin əmanətlərinin sığortalanması və əmanətlərə 3 illik morotorium qoyulması" təklifini də şərh edib: "Əhalinin sığortalanması da əslində gündəmdə olan məsələdir. Yəni bizim üçün müzakirə mövzusudur. Vətəndaşlarda belə fikir formalaşır ki, proseslərin fonunda banklar dayanıqlığını itirəcək və hətta bir çox banklar iflas edəcək.
Banklar iflas etdiyi təqdirdə əmanətlərin taleyi necə olacaq?
Təbii ki, bu, vətəndaşları haqlı olaraq narahat edən məsələlərdən biridir. Hazırda 7 milyarddan çox əmanətlər mövcuddur. Bank sisteminin iflası əmanətlərin geri qaytarılmasında problem yaradır. Bildiyimə görə, bir neçə güdür ki banklarda ciddi əmanət tələbi formalaşıb. Bu səbəbdən də banklar vətəndaşların əmanətlərinin geri verilməsində müəyyən məhdudiyyətlər tətbiq edirlər. Bu narahatlığı aradan qaldırmaq üçün ortalanmanın həyata keçirilməsi müsbət addım olardı. Belə olan halda bankarın ağır iqtisadi vəziyətində əmanətlərin geri çəkilməsi problemi həll olunar".
Bahar RÜSTƏMLİ
AzNews.az