Azərbaycanlı nazir Tbilisidə Forumda iştirak edir

"İpək Yolu Dialoqu" mövzularında tədbirlərin keçirilməsi nəzərdə tutulub

Bu gün Gürcüstanın paytaxtı Tbilisi şəhərində "3-cü Tbilisi İpək Yolu Forumu: Qlobal Təsir üçün Tərəfdaşlıq" adlı beynəlxalq forum öz işinə başlayıb. İki gün davam edəcək tədbirdə ölkəmizi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadənin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

AzNews.az məlumat verir ki, forumda müxtəlif panellər üzrə süni intellekt və onun qlobal iqtisadiyyatda rolu və təsirləri, nəqliyyat, enerji və ticarət kimi sahələrdə müzakirələrin aparılması nəzərdə tutulur.

Forum çərçivəsində həmçinin "Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu" Beynəlxalq Assosiasiyasının ümumi iclasının, "Nəqliyyat bağlantıları - İpək Yolu boyunca transformasiya", "Trans-Qafqaz Nəqliyyat Dəhlizinin tranzit və logistik imkanlarının artırılması" və "İpək Yolu Dialoqu" mövzularında tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə "Nəqliyyat bağlantıları - İpək Yolu boyunca transformasiya", nazir müavini Elmir Vəlizadə isə "Avropaya qoşulma - Genişləndirilmiş Trans-Avropa Nəqliyyat Şəbəkəsinin inkişafı" adlı paneldə çıxış edəcəklər.

Səidə Vahid

AzNews.az