Məşhur müğənniyə 717 min “atdılar”


Məşhur rus müğənnisi Oleq Qazmanov fırıldaqçıların qurbanı olub. Rusiyanın xalq artisti qastrol səfəri zamanı 717 min rublundan məhrum olub.

Hadisə 2010-cu ildə baş versə də, hüquq-mühafizə orqanları araşdırmaları yalnız indi yekunlaşdırıblar. Araşdırmanın əsas obyekti 59 yaşlı Yuri Şumakov olub. Müğənni məhz onu 717 min rublunu mənimsəməkdə ittiham edib.

Təhqiqatçıların fikrincə, özünü Rusiya paytaxtında fəaliyyət göstərən aviaşirkətlərdən birinin təmsilçisi kimi təqdim edən Şumakov artistin Kiyev, Ufa və Simferopola uçuşunu təşkil etmək üçün öz xidmətini təklif edib. Bu xidmət müqabilində Y.Şumakov "Qazmanov prodakşn"dan 717 min rubl istəyib. Bu zaman o, müğənnini inandırmaq üçün onun elektron poçt ünvanına təyyarənin icarə müqaviləsini də göndərib. Heç nədən şübhələnməyən müğənninin agentləri tələb edilən məbləği ödəyiblər. Lakin sonradan bunu fırıldaq olduğu və müğənninin qastrol səfərinə getmək üçün müqavilədə adı çəkilən şirkətin xidmətlərindən istifadə edə bilməyəcəyi aydın olub. Şumakova qarşı cinayət işi açılıb. Onu 6 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.

Elnarə
AzNews.az