Arvadının qulağını kəsən şəxs hələ də azadlıqdadır - VİDEO

Əri tərəfindən amansız işgəncələrə məruz qalan, çoxsaylı xəsarətlərlə Astara rayon mərkəzi xəstəxanasına yerləşdirilən rayonun Kələdəhnə kənd sakini Nisə Xəlilovanın vəziyyəti yaxşılaşmağa doğru gedir. Hadisəni törətməkdə şübhəli bilinən Çingiz Mehdiyev isə hələ ki saxlanılmayıb.

Bir neçə gün öncə həyat yoldaşını vəhşicəsinə döyərək, bədəninə müxtəlif nahiyələrindən ağır xəsarətlər yetirən Astara rayon sakini Çingiz Mehdiyev barəsində cinayət işi açılıb. Faktla bağlı Astara rayon Prokurorluğunda araşdırmalara başlanılıb. Çingiz Mehdiyevdən ilkin ifadə də alınıb. Haqqında Cinayət Məcəlləsinin 145-ci, yəni - Adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrumetmə maddəsi ilə cinayət işi başlanılsa da o hələ ki, saxlanılmayıb.

Onun həyat yoldaşı Astara rayon Kələdəhnə kənd sakini 28 yaşlı Nisə Xəlilovanın səhhətində isə müəyyən irəliləyiş var. Qadın aldığı psixoloji sarsıntıdan tam ayılmasa da, həkimlər onun həyatı üçün təhlükə görmürlər.

Cərrahiyə şöbəsinin müdiri Etibar Cəlilov: "Xəstənin ümumi vəziyyətində yaxşılaşma qeyd olunur. Xəstə intensiv müalicə qəbul edir və tomoqrafik müayinədən keçmişdir, onun kəllə sümüklərində sınıq aşkar olunmamışdır. Ancaq xəstənin burun sümüklərində sınıq vardır. Xəstə hal-hazırda müalicə alır".

Çingiz Mehdiyevlə 9 il öncə ailə həyatı quran Nisənin bu icdivacdan olan iki övladı 8 yaşlı Abdulla ata nənəsinin, 7 yaşlı Nərmin isə ana nənəsinin himayəsindədir. Çingiz Mehdiyevin hələ də azadlıqda olması isə zərərçəkənlərin yaxınlarını narahat edir.

Zərərçəkənin anası Sevda Xəlilova: "Niyə kənarda gəzir o, gəzməsin. Cinəyətkardır, canidir o. Mən ondan qorxuram. Ehtiyatla burda qalıram. Qorxuram ondan. Deyirlər hərlənir həyətdə. Nə qədər qorxu ilə qalım mən, tutulsun, cəzasını alsın".

Xatırladaq ki, təqsirləndirilən şəxs Çingiz Mehdiyev hadisənin qısqanclıq zəminində baş verdiyini, həyat yoldaşının ona xəyanət etdiyinə görə cəzalandırıldığını demişdi.







AzNews.az