Kahinlərin sirli elmi, 750 hərflik əlifba, qələm, kağız... - ARAŞDIRMA


Anar Yusifoğlunun araşdırması

Yazı – müqəddəsdir

Yazı niyə ilkin vaxtlarda yalnız məbədlərdə öyrənilib? Nə üçün yalnız kahinlər, rahiblər, mistik və magik elmin biliciləri məşğul olanlar yazı ilə məşğul olublar? Ona görəmi ki, ilkin dövrdə savadlı adamlar yalnız kahinlər, yeganə qeyri-dünyəvi məkan məbədlər idi?
Bu, əsl cavabdan yayınmaq üçün olduqca geniş yayılmış yalana bənzəyir. Çünki kahinlər – yazının yarandığı ilkin vaxtlarda onu kimsənin bilməsində, öyrənməsində maraqlı deyildilər; əksinə, yazını öyrənən şəxslərə sirri yaymamaqla bağlı öhdəlik qoyulurdu.
Bəlkə ona görə ki, yazı – magik qüvvələrin idarə olunmasının yeganə yolu idi və onun "nitqin ifadə vasitəsinə" çevrilməsindən çox-çox əvvəl missiyası tamam başqa idi? Bəlkə ona görə ilkin yazılardan birinin adına yunanlar "müqəddəs" deyirdilər?
Bu suallar yazı ilə bağlı bilgiləri sistemləşdirməyə çalışanda yaranır. Elədirsə, əvvəldən başlayaq.

Yazı - Şumerlərdən başlayır

Yazının nə vaxt və kim tərəfindən kəşf edildiyi bəlli deyil. Ancaq elmi araşdırmalar yalnız Şumerlərə dayanır.
Başqa sivilizasiyanı təsəvvür etmək də mümkün deyil: tarixdə yalnız ən qədim mədəniyyət kimi Şumer mədəniyyəti bizə gəlib çatıbsa, yazını Şumerlərdən o tərəfə keçirmək üçün heç bir elmi dəlil yoxdur.
Yazı, hərflərin səsləri bildirməsinə qədər piktoqrafik, ideoqrafik və sillaboqrafik mərhələdən keçib.
Piktoqrafik ("piktus" – şəkil, "qrafo" - yazıram) yazıda fikir şəkillər vasitəsilə ifadə edildiyindən, ona "təsviri/şəkli yazı" da deyirlər. İlkin ehtimal bundan ibarətdir ki, bu yazılar eradan əvvəl 15-50-ci yüzillikdə yaranıb. İlk nümunələrinə də Şumer gil kitabələrində rast gəlinir. Şumerlər – məsələn, ulduz yazmaq üçün ulduz, balıq yazmaq üçün balıq, getməyi bildirmək üçün yeriyən adam və s. şəkillər çəkirdilər.
Yeri gəlmişkən, piktoqrafik yazı nümunələrinə müasir dövrümüzdə də rast gəlmək mümkündür: yol hərəkəti nişanları "piktoqrafik yazı" sayıla bilər. Çünki bu, "beynəlxalq yazıdır", heç bir dilə məxsus deyil.
Ancaq bu şəkli yazı böyük çətinlik yaradırdı: əvvəla, ona görə ki, şəkilli yazıda işarələr 3-4 min ədəd idi, ikincisi isə hansısa fikri ifadə etmək bəzən qeyri-mümkün olurdu. Həm də bir söz üçün bütöv bir şəkil yaratmaq o qədər də asan məsələ deyildi.
Beləliklə, ideoqrafik ("ideo" – fikir, anlayış) yazı yaranmağa başladı. Artıq fikirlər ideoqramlar vasitəsilə ifadə olunurdu, məsələn: ulduz yazmaq üçün daha ulduz şəklini çəkməyə ehtiyac görmürdülər, ulduzu bildirən işarələrdən istifadə etməyə başlamışdılar.
İdeoqrafik yazının da tör-töküntüləri dövrümüzdə istifadə olunur: yazı qaydalarındakı - tire, nöqtə, vergül, drob və s. bu yazının qalıqlarıdır.
Səslərə doğru növbəti addım isə sillaboqrafik yazılardır - hecaların şərti işarələr vasitəsilə bildirilməsi. Sillaboqrafik yazıya görə dildə nə qədər heca vardısa, o qədər də işarədən istifadə olunmalıydı.
Bu yazıya e.ə. 4-3-cü minilliklərdə Şumerlərə aid kitabələrdə rast gəlmək mümkündür. Oxşarlığına görə bu yazıları həm də "mixi yazılar" adlandırırlar.

Misir heroqlifləri

E.ə. 3-cü minillikdə misirlilərin əlifbası haqqında elmi məlumatlar var. Sonradan bu əlifba ilə tanış olan yunanlar onu heroqlif (müqəddəs) adlandırmağa başlayıblar. (Niyə müqəddəs?)
İdeoqrafik yazı sisteminə aid olan Misir heroqlifləri təkcə sözləri deyil, həm də səsləri ifadə edirdi. Yazı səsə doğru meyllənəndən və xeyli sadələşəndən sonra Misir heroqlifləri 750 hərflə məhdudlaşmışdı.
750 hərf! Təsəvvür etmək çətindir və bu çətinliyin öhdəsindən gəlmək üçün misirlilər kiçik yaşlarından başlayaraq, uzun müddət "əlifba" öyrənirdilər – məbədlərdə. Yazı – yalnız məbədlərdə yazılır, orda öyrədilir, kitabələr orda saxlanırdı… Kahinlərin yazılardan istifadə edərək mistik-magik qüvvələri idarə etməsi haqqında deyilənlər isə "yazı müqəddəsliyi" təsəvvürlərini gücləndirirdi.
Misirlilər öz yazılarında yalnız samitlərdən istifadə edirdilər və bu da hansı sözü qədim misirlilərin necə tələffüz etməsi barədə təsəvvürlərə imkan vermir. Ancaq elm adamları Misir kahinlərinin saitlərdən istifadə etməməsini şükranlıqla qarşılayırlar: əgər saitləri də yazmaq lazım gəlsəydi, onda bu hərflərin sayı daha çox, oxunması daha müşkül olacaqdı.
Heroqliflər – daha mükəmməl yazı növü kimi uzun müddət müxtəlif xalqlar arasında işlədilib və hətta indi də bu işarələrdən istifadə edən xalqlar (çin, yapon və s.) var.

Acgöz tacirlərin misilsiz xidməti

Bu ərəfədə semit tayfalarına mənsub olduğu söylənən finikiyalılar artıq Aralıq dənizi sahilində Tir və Sidon adlı böyük şəhərlər salmışdılar (e.ə. 2-ci minillik) və Yunanıstan, İtaliya, İspaniya ilə alış-veriş aparırdılar.
Qədim salnamələrdə finikiyalıların həddən artıq acgöz, insafsız, yalançı olmaları barədə yetərli məlumatlar var. Ancaq bu acgöz insafsızlar bəşəriyyətə elə bir xidmət göstəriblər ki, başqa heç bir xalq onu bacarmayıb. Maraqlıdır ki, bu bəşəri xidmət də finikiyalıların yalançılığından və tənbəlliyindən yaranıb.
Finikiyalılar alverdə şifahi razılaşmaları tez-tez pozurdular və mübahisələr zamanı kimin haqlı olduğunu müəyyənləşdirmək çətinləşirdi. Bu problemi həll etmək üçün çevik, tez öyrənilən və praktik yazı yaratmaq qərarına gəldilər. Şumer və Misir yazılarına bələd olan finikiyalı tacirlər üçün bu geniş və uzun-uzadı "hərflər" qarışıqlıq yaradırdı; daha doğrusu, bu yazılardan çətinliklə istifadə belə mübahisələrdə onları "hərənin öz bildiyi kimi" yozmasına gətirib çıxarırdı. Və beləliklə, yeni əlifba yarandı.
Əlifba 22 hərfdən ibarət idi: sürətli, çevik, tez qavranılan… Bu əlifba Egey dənizi vasitəsilə yunanlara çatınca, bir neçə hərf əlavə edib, mükəmməl şəklə gətirildi və hazırda Avropa xalqlarının istifadə etdiyi əlifba yarandı; ardıcıllıq isə belədir: yunanlardan etrusklara və latına.

Protosemit yazı

Hazırda dünyada 350 əlifba var və bu əlifbaların, eləcə də elmə bəlli olan digər əlifbaların semitlərlə bağlı olduğunu alimlər qəbul edirlər. "Protosemit yazı sistemi" adı verilən bu yazı iki qola – cənubi semit və şimali semit yazıları - bölünür.
Cənubi semit yazısından hazırda yalnız Həbəşistanda (amxar əlifbası adlanır) istifadə olunur. Qalan bütün əlifbaların əsasında dayanan şimali semit yazısı da iki qola ayrılır: 1) xananey; 2) aramey.
Aramey qolu əsasında ərəb, yəhudi və s. – Asiya və Yaxın Şərq, Şimali Afrika xalqlarının əlifbası formalaşıb; finikiyalıların əlifbası isə xananey qolundan yaranıb ki, bu əlifbanın Avropada yayılması barədə danışdıq.
Maraqlı məqamlardan biri də budur ki, protosemit əlifbasında hərflər həm də məna ifadə edirdi, yunanlar isə yalnız səsləri götürdülər. Ərəb əlifbasına İslamın gəlişindən sonra mistik mənaların verilməsi də "ilkin anlamdan" - hərflərin ilahiliyi ilə bağlı təsəvvürlərdən qaynaqlanır.
Türk xalqının qədim əlifbası (run yazıları) – nə qədər qəribə olsa da – Asiya xalqları ilə deyil, almanlar, anqlosakslar və vikinqlərin istifadə etdiyi əlifba ilə eynimənşəlidir. Bu fakt türklərin Şərqi Avropadan Uzaq Şərqə qədər geniş ərazidə tarixən məskunlaşdıqlarını təsdiqləyən fakt kimi təhqiqatçıların diqqətini çəkməkdədir.
Yazılar şaquli və üfüqi olaraq iki yerə ayrılır.
Şaquli yazıların 2 forması var: şaquli, alt-alta yazılan heroqliflərin sətirləri sağdan sola və eyni qaydayla soldan sağa.
Üfüqi yazılar isə 3 yerə ayrılır: 1) sağdan sola, 2) soldan sağa, 3) sağdan sola və yeni sətirə keçdikdə soldan sağa.
Üfüqü yazıların üçüncü növündə (bustrofedon adlanır) sətir bitdikdən sonra soldan sağa qayıdarkən hərflərin yazılışı əks formada dəyişir (güzgü effekti).

Kağızın kəşfi

Şumerlər yazını gil lövhələr üzərinə oyurdular; misirlilər isə daha məqbul variant kimi papiruslardan istifadə etməyə başladılar.
Nil çayının dayaz yerlərində bitən papirusu ("pa-piur" – çaydan çıxan) nazik zolaqlar şəklində kəsirdilər və onları bir-birinə yapışdırıb, lövhə düzəldir və üzərində yazırdılar. Uzun müddət papirusdan (bəzi Avropa dillərindəki kağız mənasında "paper/papir" sözləri də papirusdan alınıb) istifadə edilsə də, bu lövhə də çətinlik yaradırdı: daşınmada, qatlanmada, həmçinin uzun müddətli saxlamada. Bir müddətdən sonra papirusun üstündəki yazılar solur və ya qopub düşürdü.
Dəri üzərində yazıların yazılması da çox geniş yayılmışdı. Hətta Makedoniyalı İsgəndərin Şərqə yürüşü dövründə 12 min inək dərisinə yazılmış "Avesta"nın mövcudluğundan tarixi mənbələr məlumat verirlər.
Ellin dövlətinin Perqam şəhərində isə e.ə. 2-ci əsrdə heyvan dərisindən xüsusi aşınma ilə yazı üçün yararlı əşya hazırlayırdılar ki, buna da şəhərin adı ilə "perqament" deyilirdi.
Dəri və perqament – ən etibarlı, uzunömürlü sayılırdı; çünki onu saxladıqca xarab olmur, yazılar üstündən silinmirdi. Ancaq heyvan dərisi kifayət qədər baha olduğuna görə, bu üsuldan kütləvi surətdə bəhrələnmək olmurdu.
Daha münasib variantı isə Çin kəşf etdi: ipəkçiliklə məşğul olan çinli qadınlar baramanı qaynadır, həsir üstündə qurutduqdan sonra ovxalayıb suda məhlul halına gətirirdilər. Həsirin üstündə qalan nazik təbəqə quruduqda yazı üçün yararlı nazik "vərəqə" çevrilirdi.
Çinlilərin həm də kağızı kəşf etməsi barədə məlumatlar var. 105-ci ildə Tsay Lun tərəfindən ixtira edilən kağız Avropaya ixrac olunsa da, uzun müddət çinlilər onun sirrini qorumağı bacarmışlar. Yalnız 751-ci ildə Tyan-Şan dağları ətəklərində Çin ordusu Xilafət əsgərlərinə yenildikdən sonra ələ keçən sənətkarlar kağızın sirrini açıb demiş və ərəblər də Səmərqənddə kağız fabrikini tikmişlər. Bundan sonra Avropa daha keyfiyyətli Səmərqənd kağızını idxal etməyə başlamışdır.
Ancaq burda daha maraqlı məqam – Səmərqənd kağızının keyfiyyəti və məşhurluğudur. Əgər çinlilərdən öyrənilmişdisə, niyə Çin istehsalı olan kağızları Səmərqənd kağızı keyfiyyəti ilə kölgədə qoymağı bacardı?
Bu suala aydınlıq gətirən təhqiqatçıların qənaətinə görə, çinlilər kağızı lifdən, ərəblər isə təmiz pambıqdan hazırlayırdılar və bu fərq ikincinin keyfiyyətini şərtləndirirdi. Beləliklə, ərəblərin kağız istehsalını çinlilərdən öyrəndikləri hətta qəbul olunsa da, onda bu "öyrənməni" kor-koranə tətbiq etməmələri, onu zənginləşdirdikləri və materialı dəyişdirdikləri də etiraf olunmalıdır.
Avropa xalqları kağız istehsalını çox gec - 11-ci əsrdən sonra mənimsəmişlər. 9-cü əsrdə isə artıq Azərbaycanda kağız fabriki fəaliyyət göstərirdi. Xunəc şəhəri istehsal etdiyi kağızla məşhur olmuşdur və hətta bir müddətdən sonra şəhərin adı da kağıza görə dəyişib Kağızkunən adlanmışdır.
Kağızın ağacdan düzəldilməsi isə sonrakı inkişaf mərhələsində gerçəkləşib.

Qələmin icadı

Yazının başa gəlməsi üçün kağızla bərabər, qələm də lazımdır.
İlk yazılar – Şumerlərin gil kitabələri iti əşya ilə cızılırdı. Az qala 3 min il istifadə olunan bu alət (təxminən, indiki mıx formasında) nə qədər naqolay olsa da, ayrı çarə tapa bilmirdilər.
Uzun müddət – eramızın ilk minilliyi ərzində ucu itilənmiş qamış-qələmlərdən istifadə olunduğu da iddia olunur. Həmçinin lifdən düzəldilən ilk kağızın yaranması ilə quş lələyindən istifadə də gündəmə gəldi: daha rahat olan bu vasitə müxtəlif rəngli məhlullara batırılmaqla yazılırdı. Paralel olaraq həm də dəmir ucluqlu ağac-qələmdən də istifadə olunurdu.
1780-ci ildə isə polad ucluğu (pero) kəşf etməklə Harrison öz adını tarixə yazdırmağı bacardı. 19-cu əsrdə isə artıq özü yazan qələmlər (avtoqələm) ixtira edildi.
Karandaşın yaranması tam təsadüfdən (yəqin ki, zərurət vardı) doğub: 18-ci əsrdə laboratoriya üçün qablar hazırlayan çex əsilli Yozef Hartmutun əlindən fincan düşüb sınır və "günahkar" sınan əşyanın kağız üzərində qara cızıq açdığını görür. Nəticədə qrafit tozu ilə gil hövhələrin qarışığından təcrübələrə başlayan Hartmut karandaşın əcdadını yaradır.
Müasir karandaşı isə 1790-cı ildə N.Karte kəşf edib.

Kitab çapı

Əlifba sadələşmişdi, kağız və qələm insanlara fikrini rahat şəkildə ifadə etməyə imkan yaradırdı: oxumaq üçünsə kitabların üzünü əllə köçürmək lazım gəlirdi və bu da getdikcə artan böyük tələbatı ödəmək imkanında deyildi.
Uzun müddət insanlar – həm Şərqdə, həm də Qərbdə – surətçıxarmağın mexanikləşdirilməsi üzərində çalışdılar. İlk kəşf Şərqdən gəldi: "daş çapı" üsulu ilə Ərəb Xilafətində kitabların surətinin çıxarılmasına Avropadan xeyli əvvəl başlanılmışdı.
Bəzi mülahizələrə görə isə artıq 8-ci əsrdə Koreya, Çin və Yaponiyada kitab çapının mexanikləşdirilməsi sahəsində addımlar atışmışdı. 11-ci əsrdə isə çinli Bi Şen artıq çap literini yaratmışdı.
15-ci əsrdə – 1440-cı ildə alman İ.Qutenberq özünün yağçıxarma maşınında "daş çapına" başladı: hər səhifə üçün taxtadan hazırlanan lövhələrin üzərində hərflərin metal surəti düzülür və bununla da istənilən qədər səhifə çap edilirdi. Növbəti səhifə üçünsə proses təkrarlanırdı.
Uzun müddət istifadə edilən bu üsul 1814-cü ildə yeni ixtira ilə təkmilləşdi: Fredrix Keyniç və Anderas Baurv buxarla işləyən çap maşınını istifadəyə verdilər. 1866-cı ildə alman Otmar Merginin "linotip"i – avtomatik yığım dəzgahını ixtirası ilə çap növbəti mərhələyə qədəm qoydu.
"Fotoyığım" ideyası isə 1894-cü ildə macar E.Porseltə məxsus idi; bu kəşfdən 20-ci əsrdə istifadə edildi…

Lent.az
image description image description image description image description