“Təmiz Şəhərim“ üzrə fotosərgi keçiriləcək

Fevralın 21-dən etibarən Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qala qəsəbəsi ərazisində "Təmiz Şəhər" ASC tərəfindən reallaşdırılmaqda olan tullantıların xüsusi idarəedilməsi layihəsi çərçivəsində həyata keçirilən "Təmiz Şəhərim" fotoşəkil müsabiqəsinin yekunları üzrə fotosərgi başlayır.

"Təmiz Şəhər" ASC-dən daxil olan məlumata görə, mətn və yazılarla müqayisədə gənclərin fotolara daha böyük marağının olması və onlar tərəfindən görüntülərin daha tez qavranılması maarifləndirmənin səmərəliliyini artırır. Son dövrlərdə dövlət tərəfindən ekologiya, xüsusilə, bərk məişət tullantılarının idarəedilməsi sahəsinə göstərilən qayğı və diqqətlə bərabər ictimai dəstək bu sahənin inkişafını səciyyələndirib.

"Təmiz Şəhərim" adlı fotomüsabiqəsinin keçirilməsində əsas məqsəd "yaşıl düşüncə" prinsipini təbliğ etmək, tarixən qədim, lakin müasir şəhərimizin gözəlliyinə və onun qorunub saxlanılmasında ətraf mühitə qayğı ilə yanaşmanın roluna gənclərin diqqətini yönəltmək idi.

20 noyabr - 10 dekabr tarixləri arasında keçirilən fotomüsabiqəyə tullantıların təkrar emalı, yenidən istifadə və ümumiyyətlə ekoloji mədəniyyətin inkişaf etdirilməsi kimi mövzuları əhatə edən 300-dən artıq foto təqdim edilib. Bu fotoşəkillər arasında münsiflər heyəti tərəfindən 50 fotoşəkil seçilərək sərgilənmək hüququnu qazanıb.

Sərgidə fəxr edə biləcəyimiz paytaxtımızın gözəl və təmiz güşələrini tərənnüm edən fotolar ilə yanaşı insanlar tərəfindən tullantılarla çirklənmiş bu gözəl məkanları da əks etdirən şəkillər nümayiş etdirilir. Sərginin məqsədi əhalini və şəhərin qonaqlarının bu gözəlliyi birgə qorumağa səsləməkdir.

Sərgi "Qız Qalası" qalereyasında baş tutacaq və 3 gün davam edəcək.

AzNews.az