Son illərin ən qalmaqallı - Miras hekayələri

Bugünlərdə Azərbaycan mediasında da müğənni Flora Kərimova ilə İlhamə Quliyevanın öz miraslarını köməkçilərinə vermələri ilə bağlı xəbərlər qalmaqallı varislik mövzusunu yenidən gündəmə gətirdi.


"Yeni Müsavat" qəzeti sağlığında özləri, ölümlərindən sonra mirasları bölüşdürülə bilməyən məşhurlarla bağlı yazı hazırlayıb.

Siyasət və şou-biznes tarixindəki ən qalmaqallı varislik hekayələrini sizə təqdim edirik.

Mandelanın özünü "böldülər", mirasını yox...

Cənubi Afrikanın əfsanəvi lideri Nelson Mandela torpağa tapşırılar-tapşırılmaz ailəsində miras üstündə dava başlayıb. Cənubi Afrika qəzeti olan "Times" ın yazdığına görə, Mandelanın böyük nəvəsi olan Mandla Mandela əfsanəvi liderin Kunu kəndindəki ailə evindən çıxarılıb. Evə gələn Mandelanın böyük qızı Makazivenin evin qıfılını dəyişdirdiyi bildirilir. Babasına aid ərazidə olan evində qalan Mandla bazar günü səhər oyandığında evində elektrik və suyun kəsildiyini görüb.

Tərəflər arasında intriqaların hələ Mandelanın ölümündən əvvəl başladığı bildirilir. Münaqişəyə səbəb isə miras davası olub. Mandela öz bibilərini babasının milyon dollarlıq varidatını ələ keçirməkdə ittiham edir. Onun atası 2005-ci ildə QİÇS-dən dünyasını dəyişdikdən sonra uşaqlarının Kunuya yaxın əraziyə köçməsi Makazivenin xoşuna gəlməyib və münaqişə də bundan sonra başlayıb.

Müslüm Maqomayevin tapılmayan vəsiyyətnaməsi

2008-ci il oktyabrın 25-də vəfat etmiş dünya şöhrətli müğənni Müslüm Maqomayevin ailəsindən də miras davası yan keçməmişdi. Mərhum sənətkarın müğənni Mila Karevoyla vətəndaş nikahından olan oğlu Müslim-Daniil atasından qalma mirasa sahib çıxmaq istəyirdi. ABŞ-da yaşayan Mila Karevoy və oğlu bununla bağlı vəkil tutdular və məhkəməyə müraciət etmək üçün sənədlərini hazırladılar. M.Karevoy həmin vaxt iddia edirdi ki, onda Müslüm Maqomayevin vəsiyyətnaməsi var.

"Yalandır, ortada heç bir vəsiyyətnamə yoxdur. Çünki atam qəfildən vəfat etdi. 3 günün içində əlimizdən getdi. Ona görə də vəsiyyətnamə yaza bilməzdi. Nə vəsiyyətnamə? O, xəstəxanada olanda bizə gələcək planlarından danışırdı".

Bu sözləri isə Müslüm Maqomayevin qızı Marina Maqomayeva bildirib. Bəlli olub ki, M.Maqomayev istər SSRİ dönəmində, istərsə də ondan sonra fantastik tirajla çıxan kaset və disklərinə görə milyonlarla rubl həcmində qonorar alırmış.

Kayahan və Adnan Şenses öldü, pullar ailəni bir-birinə qatdı

Məşhur Türkiyə sənətçisi Kayahanın ölümündən sonra ailəsi arasında miras davası böyüdü. Belə ki, Kayahanın ilk evliliyindən olan qızı Beste Haravon vəsatət qaldırdı. Beste Haravon məhkəmə ərizəsində atası ölməmişdən öncə İpek Açarın atasının hesabından külli miqdarda pul çəkildiyini bildirdi.

Kayahanın iki tərəfi qarşı-qarşıya gətirən mirası Gömeçdəki məşhur Gönül villa, yenə Gömeçdə bir mənzil, bankda külli miqdarda pul, gəmi və iki avtomobildən ibarətdir.

Kayahan irsinin 8/3 hissəsini böyük qızı Besteye, 8/3 hissəsini kiçik qızı Aslı Gönülə və 8/2 hissəsini həyat yoldaşı İpək Acara vəsiyyət edib.

2014-cü ildə dünyasını dəyişən türkiyəli məşhur sənətçi Adnan Şensesin mirası qırxı çıxmadan bölüşdürülməyə başlandı. A.Şensesin həyat yoldaşı Lalə xanım ilə ilk həyat yoldaşı Meral Tunalıdan olan qızı Arzum arasında miras davası düşüb.

Lale xanım ilə Arzum sənətçinin illər əvvəl aldığı Zeytinburnundakı yanacaqdoldurma məntəqəsini 10 milyon dollara satışa çıxarıb.

Qeyd edək ki, Şensesin mülkiyyətinə Zeytinburnundakı yanacaqdoldurma məntəqəsindən başqa, İstanbulun Ortaköy, Akatlar və Arnavutköy rayonlarında bir lüks ev, İngiltərədə bir lüks ev, Levent məhəlləsində bir villa, Bordum Gümüşlükdə bir ferma, iki "Volksvagen" avtomobili və iki tanker daxildir.

Keçək digər qalmaqallı miras hekayələrinə. Türkiyənin tanınmış siyasətçilərindən Nəcməddin Ərbakan 2011-ci ildə 84 yaşında dünyasını dəyişəndən sonra uşaqları arasında mirasının paylaşımı mövzusunda problemlər yaşanmış və məsələ məhkəməyə daşınmışdı. Üç uşaqdan Ərbakanın böyük qızı Zeynəb Ərbakan "mirasdan payını yetərincə ala bilmədiyini və qardaşlarının mal oğurladığını" iddia edərək, bacısı Elifdən, qardaşı Fatik Ərbakandan, eləcə də yeznəsi Mehmet Altınözün də aralarında olduğu 7 nəfər haqqında məhkəmə qarşısında iddia qaldırmışdı.

Pavarotti eyni taleyi yaşayıb...

Məşhur italyan tenor Luçiano Pavarottinin 2007-ci ildə ölümündən sonra ailə üçün miras qalmaqalı başlandı. Toplam sərvəti 600 milyon dollar olaraq təxmin edilən Pavarottinin mirası ilə bağlı dörd qızı, ikinci həyat yoldaşı Nicoletta Mantovani və vəqflər məhkəmədə qarşı-qarşıya gəldilər.

İntihar edən məşhur aktyor Robin Vilyamsın ailəsində də miras qalmaqalı uzun müddət müzakirə olunub. Amerikalı aktyorun sonuncu həyat yoldaşı Syuzan Şneyder və Vilyamsın keçmiş evliliklərindən olan üç uşağı mirasda anlaşamadıqları üçün məsələni məhkəməyə daşıdılar.

Dünyaca məşhur əmlak kralı olan Heri Helmslinin ölümü ilə başlanan miras davası isə aylarla medianın gündəmindən düşmədi. Çünki Empire State göydələni ilə paralel olaraq, əlavə 57 hotelin də sahibi olan H.Helmsli 57 yaşında dünyasını dəyişəndə 5 milyard dollara yaxın mirası olub. Bundan ən böyük payı isə itinə verib və 4 nəvəsindən 2-sini mirasdan məhrum edib.

Ceksonun dillərə dastan mirası və miras davası

2009-cu ildə ürəyinə məğlub olan pop-kral Maykl Ceksonun ilk vaxtlar 30 milyon dollar miras qoyub getdiyi məlum olmuşdu. Pullar Ceksonun 81 yaşlı anası Ketrin, uşaqları Prins, Blanket və Paris arasında bölünəcəkdi. Həmin vaxt ailə adından açıqlama verən vəkil 2009-cu ildə ölən Mayklın 310 milyon dollar borcu ödəndikdən sonra yerdə bu rəqəmin qaldığını demişdi. Bu günə qədər 750 milyon tirajla albomu satılan Elvis Presley, "Bitlz" kimi ulduzların yanında adı çəkilən Mayklın hətta məhəlləsindəki əczaxanaya də borcu olub, buna görə məhkəməlik də olublar. Bu və digər borclarını ödəmək üçün mərhum London konsertlərini vermək istəyirdi ki, Əzrayıl başının üstünü kəsdirdi.

M.Ceksonun atası Ceo Cekson da oğlunun mirasından pay istədi. Aradan bir neçə il keçəndən sonra Ceo Cekson Los Ancels məhkəməsinə iddia ərizəsi ilə müraciət edib. O iddia ərizəsində yazıb ki, Maykl Ceksonun anası Katerinə hər ay oğlunun mirasından 86 min dollar verilir. Qeyd edək ki, Maykl Cekson vəsiyyətində 3 uşağına anasının baxmasını istəyib. 86 min dollar da hər ay onun mirasından bu məqsədlə anasına ayrılır. Ceo Cekson isə özü üçün pul əldə etmək istəyir və hər ay ona 15 min dollar verilməsini tələb edib. Ata bu pulun kirayə, yemək və təyyarə biletlərinə xərcləyəcəyini bildirib.

Dünyanın gəlir bazarında ən böyük texnologiya firması olan "Samsung"un qurucusu Lee Byung-chul 1987-ci ildə ölümündən sonra ailəsinə 5 milyard dollara yaxın miras qoyub. 2010-cu ildə ailənin böyük qardaşı Lee Maeng-hee gəliri 220 milyard dollara çatan "Samsung" Qrupunun rəhbəri oğul Lee Kun-heeyə, bacısı Lee Sook-Heeyə mirasın paylaşımı ilə bağlı məhkəmə qarşısında iddia qaldırıb.

Türkiyənin barmaqla sayılan Sabancı ailəsi də miras davasından öz nəsibini alıb. Sabancı Holdinqin qurucularından olan Hacı Ömer Sabancının 1979-cu ildə ölən oğlu İhsan Sabancının Nevin Tenik ilə yaşadığı qeyri-rəsmi nikahdan dünyaya gələn Sevilay Sabancı Çınar babasından qalan mirasa ortaq ola bilmək üçün 2003-cü ildə məhkəməyə müraciət etdi. Çinar məhkəmədən "Sabancının varisidir" qərarını çıxarıb.

Dünyanın ən varlı qadını olan Liliana Bettenkort sərvətinin 1 milyard avroluq qismini "mənəvi oğlum" dediyi fotoqraf François Marie Banierə bağışlayıb. Onun bu hərəkəti qızı Meyersi çox hirsləndirib. O, anasının əqli cəhətdən xəstə olub-olmadığının araşdırılmasını istəyir. Yaşlı qadın isə həkimə getməyi davamlı olaraq rədd edir. Dünyanın ən məşhur kosmetik şirkətlərindən biri olan "L":::Oreal"ın ən böyük investoru və dünyanın ən zəngin qadını olan 86 yaşlı Bettenkortun 23 milyard avroluq sərvətinin 1 milyardını 61 yaşlı fotoqrafa bağışlaması anası ilə qızı arasında kəskin narazılığa gətirib çıxarıb. Ancaq yaşlı qadın bu hərəkətinə görə peşman olmadığını bildirib. Fransa mediasının yaydığı xəbərə görə, qızı Meyersin şikayəti üzərinə polis sui-istifadə ehtimalını göz önünə alaraq Bettenkordu və fotoqrafı sorğu-suala çəkib. Anası ilə qızının bu hadisəyə görə küsülü olduğu bildirilib. Qeyd edək ki, Lilianın atası Eugen Şiller tərəfindən yaradılan şirkətdə dünya səviyyəsində 63 min adam fəaliyyət göstərir.