Köhnə filmlərdə həmişə təzəcə tanış olmuş qızla oğlanın şirniyyat yeyib çay içdiyi balaca, xudmani kafelər təsvir olunur. O kafelərdə üz-üzə oturmuş qızla oğlan utanır, qızarır, ilk dəfə əllərini bir-birinə toxundurur, çəkinə-çəkinə söhbət edir. Köhnə filmlərdə həmişə təzəcə tanış olmuş qızla oğlanın şirniyyat yeyib çay içdiyi balaca, xudmani kafelər təsvir olunur. O kafelərdə üz-üzə oturmuş qızla oğlan utanır, qızarır, ilk dəfə əllərini bir-birinə toxundurur, çəkinə-çəkinə söhbət edir.

Qızların rahat siqaret çəkdiyi kafe - REPORTAJ

Köhnə filmlərdə həmişə təzəcə tanış olmuş qızla oğlanın şirniyyat yeyib çay içdiyi balaca, xudmani kafelər təsvir olunur. O kafelərdə üz-üzə oturmuş qızla oğlan utanır, qızarır, ilk dəfə əllərini bir-birinə toxundurur, çəkinə-çəkinə söhbət edir.


"Kibrit" kafesinə gedəndə Cim Carmuşun "Kofe və siqaret" filmi yadıma düşür. Düşünürəm ki, bura toplaşanlar ilk dəfə bir-birlərini görürlər, ilk tanışlıqlar burda baş verir, adamlar bir-birinə yaxın əyləşsələr də, öz xəyal dünyalarında başqa yerlərdədirlər, rəflərdə görünən kitabların səhifələrində gəzişirlər.


"Kibrit"in tarixçəsi

Kibrit işığı keçmiş evləri, əşyaları bir parça işıqlandırır, kiminsə siqaretini yandırır. Alışqandan daha çox, həmişə kibrit daha romantik və estetik görünüb. Qaranlıqlara balaca bir işıq salan kibrit kafenin sahibi Toğrulun da düşüncələrini aydınlaşdırır, yeni bir ideyanın yaranmağına təkan verir. Əvvəlki kitab, kafe işi ürəyi istəyən kimi alınmayan Toğrul dincəlmək, özünü toparlamaq üçün Türkiyəyə yollanır. Günlərin bir günündə gəzişdiyi İstanbul küçələrində qarşısına bir kitab dükanı çıxır: adı "Kibrit".

Bundan sonrakı əhvalatı isə həmin kitab dükanının sahibi danışır: "Gəmidə idim, yanımda bir xanım oturmuşdu. 1969-cu ildir. Siqaretimizi kibritlə yandırdıq. Ondan sonra o qadınla heç bir yerdə rastlaşmadım. Həyatımda ilk dəfə bərabər kibritlə siqaret yandırdığım qadın kimi onu heç vaxt unutmadım".

Toğrulun içində kibrit boyda bir ümid doğur. Kitab dükanının sahibindən icazəsini alaraq Bakıya qayıdır və əli çıraqlı məkan axtarmağa başlayır. Sonunda elə kibrit boyda bir məkan tapır. Kafeni icarəyə götürür. Pulu hardan tapır, ayda nə qədər ödəyir, bu bizlik deyil.


Bir tərəfdə səs-küy, bir tərəfdə sükut

Məkanın sahibi dindardı. Deməli, bura əvvəl pub olub, sonra bu dindar qardaşla digər şərik arasında mübahisə düşüb və beləliklə, yollar ayrılıb. İndi kafenin yanında bir pub var, orda cavanlar içki içir, rəqs edir, əylənir. "Kibrit" onunla çiyin-çiyinədir. Təsəvvür eləyin ki, həmin pubdan, gurultulu məkandan çıxıb bura gəlmisiniz: fırtınadan sonrakı səssizlik. Kafeyə yığışan gənclər çay, kofe içir, siqaret çəkir və qarşılarındakı kitabı vərəqləyir. Arada "qonşu"dan gələn səslər də onları yayındırmır, sanki ayrı-ayrı ölkə kimi görünür. Sakit və səs-küylü məkanlar yan-yana.

Kafeni Bəhruz Rüstəmxanlı ilə Toğrul Ağabəyli şərikli işlədir. Bu gün "Kibrit"in iki illiyi tamam olur.

- Qeyd eləmisiniz? – soruşuram.

- Burdan çıxanda eləyəcəyik. – hiss edirəm ki, burda içki içə bilməyəcəkləri üçün başqa yerə getməyə məcburdurlar.

"Spirtli içki niyə verilmir?" – sualına isə hər ikisi bir cür cavab verir.

Toğrul: "Özünüz düşünün, beş bakal pivə içən adam necə kitab oxuya bilər, bu mümkün deyil. Biz ona görə belə elədik ki, burda gəlib kitab oxuya bilsinlər.

Bəhruz isə başqa cür düşünür: "Bizim sahib dindar olduğu üçün bunu edə bilmirik. Heç mübahisə də etmək lazım deyil. Ancaq düşünürəm ki, pivə verilsə pis olmazdı. Sadəcə Azərbaycanda içməyin qaydasını bilmirlər".


Oğlanlar kafeyə qız tutmaq üçün gəlir?

Bir fikir verin: içki yox, amma gənclərin ən çox gəldiyi yerlərdən biri buradır. Bu yəqin ki, gözünüzün qabağında böyük bir sual işarəsi yaradır: "Niyə bura gəlirlər?" Adətən, içki verilməyən yerlərdə xanımlar daha çox olur. Onların toplaşdığı kafelərdən biri də buradır. Oğlanlar isə belə məkanlara yalnız bir məqsəd üçün gələ bilərlər: qız tutmaq.




- Yox, bəy, - Toğrul sözümü kəsir. – elə deyil. Düzdü, bura qızlar çox gəlir. Ancaq biz diqqət edirik. Qızlara sataşanları, yaxud onlara narahatçılıq verəni dərhal kafedən uzaqlaşdırırıq.

- Necə?

- Ya hesabı qoyuruq qabaqlarına, ya da deyirik ki, beş dəqiqəyə banket olacaq bura.

Dost-tanışı yığıb əylənmək, ya da ad günləri qeyd eləmək istəyənlərə də deyim ki, qiymətlər münasibdir, dediklərinə görə, 100 manata beş-altı saat kafeni bağlatmaq olar.

- O zaman menyuya əlavə edilir?

- Əlbəttə. Ancaq içkidən başqa. – Bəhruz gülümsünür.


Ofisiantlar

Kafedə iki ofisiant xidmət göstərir: Elvina və Alpay.

- Elvina xanım, heç sataşan, sizə başqa cür münasibət göstərən olub?

- Xeyr, burda elə bir şey görməmişəm. Elə buna görə "Kibrit"də işləmək mənə xoşdu. Özü də sataşan olsa, deyərəm. – gülür. – Həqiqətən burda müdir-işçi söhbəti yoxdur, sərbəstəm.
Alpay İran rejissorlarına oxşayır, saqqallı, arıq.

- Bəs siz burda işə necə başladınız?

Cavab çox qısa: "Bekarçılıqdan".





Zarafatcıl oğlandır, ancaq kənardan elə bir təəssürat yaratmır, hətta dindar da demək olar.

Toğrul yalvardı ki, gəl bizlə işlə, mən də razılaşdım. – gülüşmə düşür.


İçkili edilən təklif

Kafe işlədəndən sonra ətrafındakı insanların sənə baxışı, münasibəti dəyişir. Toğrulla Bəhruz eyni anda:

- Hə, elədir. – deyir.

Bir anda qızlar daha çox sənə diqqət göstərir, dostların sənlə ünsiyyət qurmaq üçün dəridən-qabıqdan çıxır.

Bəhruz əvvəllər "Qanun" nəşriyyatında işləyib.

- Aydındı orda işləməyiniz. – gülürük.

- Orda işləyirdim və məndə kitab işi görmək, daha fərqli şeylər etmək fikri yarandı. Toğrul dostumdu, onun bu kafesi çox xoşuma gəldi. Əslində özüm açmaq istəyirdim. Bir gün içirdik, – dindar sahibin qulaqlarından iraq – Toğrul bir az dəm oldu, mənə dedi ki, gəl bir yerdə işləyək. Düşündüm ki, piyandı, zarafat edir. Səhər zəng eləyib dedi ki, təklifimə nə cavab verirsən.

- İş başqa, dostluq başqa. Şərik olmaq üçün...

Nə demək istədiyimi başa düşür elə bil:

- Hə, əlbəttə, pul vermişəm.


Sevişmək yeri

Bizdə adət halını alıb: bir oğlan qızla kafeyə girirsə mütləq belə bir sual verir: "Kabinetiniz var". Bəhruz belə bir hadisə ilə rastlaşmasa da, Toğrul dediyimi təsdiq edir.

- Düzdü, bir neçə dəfə olub. Qaqalar gəlib deyirdilər ki, kabinetiniz var. Bu məkanın həm də fərqi nədədir? Qızların çox olduğunu bilən oğlanlar bura gəlsələr də, girən kimi kitablarla rastlaşırlar və öz-özlərinə düşünürlər ki, aha, demək, bura tamam başqa yerdir.

Bəhruz söhbətə qoşulur:

- İndi gələn qızla oğlan o biri tərəfə keçir, tualet tərəfdəki iki masada otururlar, rahat ünsiyyət qurmaq üçün.

Ola bilər, gecənin bir vaxtı burdan keçəndə pəncərələrdən içərinin işıqlı olduğunu görəsən. Elə zənn etməyin ki, kafeni işlədənlər hansısa qızı qarmaqlarına keçiriblər, xeyr. Toğrul belə günlərdə ssenari yazır.

- Əvvəl şeir yazırdım, sonra getdikcə şeirdən soyudum, anladım ki, şeir adamı deyiləm. Düşüncələrim nəsrə keçdi və indi də planımda var ki, ssenari, rejissorluq oxuyum Fransada. Amma hələ ki xəyaldır.


Müştərilər

İstedadlı adamlarla görüş də keçirilir "Kibrit"də. Yazarların imza günü, şairlərin şeir gecəsi... Pianoda ifa edən, mahnı oxuyan. İsfar Sarabski burda çıxış edib, tanınmış şair, yazıçıların istirahət məkanı olub "Kibrit".

Müştərilərdən biri ilə söhbət:

- Niyə "Kibrit" kafesi?

- Bura gələndə Toğrulla münasibətimiz oldu, ona görə. Xüsusi səbəbi yoxdur.

- Kitab oxuyursunuz?

- Yox, mən ümumiyyətlə, kitab oxuyan deyiləm.

- Bura gələndə də dəyişmədi?

- Yox.

- Bəs içki?

- Hə, içirəm.

- Burda vermirlər axı.

- Bura xanımla gəlirəm. İçki verilmədiyinə görə gəlirik. Amma başqa yerlərdə içirəm.

Şahmat oynayanlara yaxınlaşıram:

- Toğrul dostumdu, çoxdan tanıyıram. "Kibrit" yaranandan gəlib gedirəm bura.

- İçki içirsiniz?

- Əlbəttə – gülümsünür - Bura ancaq şahmat oynamağa gəlirik.

İki oğlan, bir qız olan masada menyudan narazıdırlar:

- Çayla içməyə mürəbbə, snikers versələr, daha yaxşı olar. Bunlarla getmir. – peçenyeləri göstərir. – Menyuda yemək də əlavə etməlidirlər. Bir tostla olmur.


Son

Pəncərənin o üzündə şütüyən maşınlar, keçən tək-tük adamlar kibrit boyda kafenin işıqları altında əyləşib kitab oxuyan, kofe, çay içən, siqaret çəkən müştəriləri görəcək, onları hansısa bir filmin kadrı kimi yaddaşlarına köçürəcək. Qaranlıqda, göz-gözü görməyən bir yerdə yanan kibrit çöpünü xatırladır bu kafe, kimlərinsə az-maz üzü işıqlanır, hansısa əşya bir anlıq öz rənginə qovuşur. "Kibrit" kafe də Bakının balaca, ancaq heç vaxt sönməyən işığıdır.

Lent.az