Kəramət Böyükçöl Kəramət Böyükçöl

Aqil Abbas – ən gözəl cümlə!

Kəramət Böyükçöl


Mən balaca uşaq idim, yadıma gəlir, rayondan Bakıya köçməklə bağlı evimizdə tez-tez söhbətlər olurdu, uzun-uzun müzakirələr gedirdi... Hər günün axşamı xəyallarımızda ailəlikcə Bakıya köçüb, bulvarda gəzib, hava soyuyan kimi tez evimizə qayıdırdıq, yıxılıb yatırdıq...

Səhər açılanda isə görürdüm ki, Bakı yoxdur.

O qədər təəssüflənirdim ki...

Bir dəfə anam atamdan soruşdu:

– Gedib Bakıda nə iş görəcəksən, şəhərdə kimimiz var ki?

Bu ağır və cavabsız sualın qarşısında atam dərin bir ah çəkdi, olduğu kimi xatirimdədi, divanın üstündə iki-üç dəfə burulub dedi:

– Aqil Abbasın yanına gedəcəm, qəzetində mənə iş versin...

Əvvəllər tez-tez televiziya ekranlarında üzünü görsəm də, axşamlar atamın əlinə yapışıb evimizə gələn qəzetlərdə şəkilləri ilə tanış olsam da, mənə elə gəlir ki, Aqil Abbasın yaddaşımdakı ömrü anamın amansız sualına atamın cavab kimi dediyi o cümlə ilə başladı...

– Aqil Abbasın yanına gedəcəm, qəzetində mənə iş versin...

11 yaşım vardı, o qədər sevinmişdim ki...

Sonralar atam "Ədalət" qəzetində nə qədər işlədi, işləmədi, Aqil Abbas ona nə qədər qonorar verdi, vermədi, pulunu kəsdi, yoxsa kəsmədi, bilmirəm. Bildiyim bircə odur ki, balaca qardaşımın hər dəfə televizorda görən kimi ağbaş kişi deyə çağırdığı Aqil Abbas ailəmizin və xüsusən mənim yaddaşında o bir cümlə ilə yaşayacaq.

Çoxlu cümlə adamın yadında qalmır, amma bircə cümlə həmişə yaşayır...

Aqil Abbas Yazıçılar Birliyinin mövqeyini həmişə müdafiə edib,- aydın məsələdir, Anarla dostluğunu, onunla yanaşı dayandığını inkar etməyib, bu da məlum məsələdir, amma əks mövqedə olanlarla isə "Ədalət" qəzetində ürəklərindən keçəni yazması üçün səhifə-səhifə yer verirdi, qonorar verirdi, hələ düşəndə ciblərinə pul da qoyurdu...Aqil müəllim bəlkə də yeganə adamdı ki, Anarla da dostdur, Rasim Qaracayla da... Çünki içində heç kimə qarşı kin, nifrət yoxdur.

Dəqiq yadımda deyil, kimsə Aqil Abbası "Ədalət" qəzetində tənqid eləmişdi, buna görə Aqil müəllim bərk əsəbiləşmişdi, hətta yazan adamdan incimişdi, amma ağlının ucundan da keçməmişdi ki, bu yazı niyə "Ədalət"də gedib?

Söhbət bu düşüncədən və bu əxlaqdan gedir...

Təəssüf ki, bu gün Azərbaycan mətbuatı, saytlarımız bu əxlaqla və düşüncə ilə idarə olunmur.

Bu gün Aqil Abbasın doğum günüdür. 63 yaşı olur... Zarafat gəlməsin, 63 xeyli yaşdır.

Ümumiyyətlə, mənim fikrimə görə bu ölkədə çoxlarının içində Aqil Abbas haqqında yaxşı bir cümlə var. Daha kim o cümləni demək istəyir, kim demək istəmir, kim içindəki o cümlə ilə razılaşır, kim razılaşmır, kim o cümləni içindən silib atmaq istəyir, istəmir, bu tamamilə başqa bir söhbətim mövzusudur. Əsas odur ki, ən gözəl cümləmizin ömrü uzun olsun...

Doğum gününü təbrik edirəm, ağsaçlı kişi!