Məhərrəm Qasımlı: “Birini soyundurub hovuza tullayırlar, birini dana kimi tərəzinin üstünə çıxarıb, çəkirlər, belə olmaz...” Məhərrəm Qasımlı: “Birini soyundurub hovuza tullayırlar, birini dana kimi tərəzinin üstünə çıxarıb, çəkirlər, belə olmaz...”

“Aşıqlar doğrudan da özlərini apara bilmir” – MÜSAHİBƏ

Məhərrəm Qasımlı: “Birini soyundurub hovuza tullayırlar, birini dana kimi tərəzinin üstünə çıxarıb, çəkirlər, belə olmaz...”

Professor, Azərbaycan Aşıqlar Birliyinin I-ci katibi, folklorşünas Məhərrəm Qasımlının AzNews.az-a müsahibəsi

- Azərbaycan aşıqlarının ünvanına işlədilən bir ifadə var - "Aşıqlarımız səviyyəsizdir, savadsızdır, özlərini apara bilmirlər". Bu ağır ittihamla razısınız?

- Bəli, belələri ilə irəli getmək də olmaz, mümkün deyil. Ona görə də bəzi dairələrdə aşıq sənətinə münasibət yaxşı deyil.

- Məsələn..

- Mədəniyyət və Turizm Nazirliyində və kifayət qədər yuxarı instansiyalarda mən bu sözü eşitmişəm. Deyiblər ki, "aşıqlar özlərini apara bilmirlər. Heç nə də deyə bilmirəm. Çünki onlar doğru deyir. Aşıqlar döğrudan da özlərini apara bilmir. Mən özüm də onu görürəm. ATV-də bir veriliş var - "Başla görək". Bir gün mənə zəng etdilər ki, "Məhərrəm, haradasan?" Dedim ki, evdə. Dedilər ki, bir zəhmət olmasa, ATV kanalının düyməsini vur. Bir də baxdım ki, bizim aşıqlar ATV-nin efirində kirpi, dovşan qovalayır. Əyinlərinə aşıq paltarı geyinib bir-birinin üzünə un püskürürlər. Ayıbdır. Bu nə deməkdi? Bu o deməkdir ki, aşıqlar özlərini apara bilmir. Amma aşıqlar arasında elələri də var ki, özlərini yaxşı idarə edir. Sən İsfəndiyar Rüstəmov, Mahmud Məmmədov və Yanvar Bədəlovun özünü aparmağına nə deyə bilərsən? Belə ustadlar, nümunə üçün adamlar var ki, sənətini, şəxsiyyətini qoruyurlar.

- Olmaz ki, həmin verilişlərə nümunəvi aşıqlar dəvət olunsun?

- Yox, çünki bu onlara sərf eləmir. Əyləncə verilişidir. Həmin veriliş rəhbərləri istəyir ki, elə adam dəvət etsin ki, onu istədikləri kimi məxsərə obyektinə çevirsinlər, lağa qoysunlar. Və bunu da edirlər. Amma Aşıq Mahmud Məmmədovu çağırıb nəyə nail olacaqlar? Bu adam sənətdən başqa heç nə danışmayacaq. O da şou proqramdır. Lazımdır ki, orada adamlar gülüşsün, sənət ələ salınsın. Mübariz var, Azərbaycan musiqisinin kökü olan sazı paçasının arasından keçirir. Belə verilişlərə Mübariz kimi adamlar lazımdır. Özü aşağı səviyyədə olsun, nə desələr onu da icra etsin, gülüşsünlər. Aşıq İsfəndiyar Rüstəmovun başına güllə də vursan bunu etməz. Ona görə də həmin verilişlərə onu çağırmazlar. Açığını deyim ki, aşıqların özləri də bəzən buna imkan yaradırlar. Mən həmişə misal gətirirəm ki, niyə xanəndələri ələ salmırlar. Məsələn, Mənsum İbrahimovu götürək, onu həmin proqramda ələ salmaq olar?

- Mənsum İbrahimov həmin verilişlərə getməz də axı...

- Məsələ də budur da. Niyə Mənsum İbrahimovu çağıra bilmirlər, amma aşığı gətirib, başda oturdub ələ sala bilirlər? Deməli, aşıq özünü apara bilmir də. Xanəndə özünü efirdə, səhnədə apara bilir. Hətta dünənki xanəndələr də həmin verilişlərə getməz. Gör onlardan birini sən bura gətirə bilərsən? Öldürsən də biri də gəlməz. Düz də edirlər. Amma bizim aşıqları hara çağırsalar ordadır. Utanmırlar, ayıbdır. Birini soyundurub hovuza tullayırlar, birini dana kimi tərəzinin üstünə çıxarıb, çəkirlər. 180 kq olması ilə fəxr edir. Bunlar olmaz. Başlarına qoymalıdırlar ki, mənim bu elədiyim hərəkəti nə vaxtsa Aşıq Şakir edib? Aşıq Əkbər, Kamandar edərdimi? O vaxtlar aşıq görəndə camaat elə bilərdi ki, müqəddəs bir adam gəlir. Dana kimi lüt paltarda tərəzinin üstünə çıxanda camaat səndən nə gözləyəcək? Sənə münasibət nə olacaq?

- Mədəniyyət kanalında sizin də verilişiniz var. Aşıq sənətini ələ salanlar sizin verilişə dəvət olunur?

- Yox, mən onları efirə buraxmıram. Onlar narazılıq, demaqoqluq edirlər, orda-burada yazılar -yazdırırlar. Mən onların heç birini efirə buraxmayacam. Hətta bu barədə rəhbərliyə də demişəm. Demişəm ki, özünü apara bilməyən adamları AzTV-yə buraxmaq olmaz. Bir dəfə istedadlı aşıqlardan birini rəhbərlik hansısa kanalda gördü, ona efir qadağası qoyduq. Bundan sonra o, özünü öldürsə də biz onu efirə buraxmayacayıq. Yüngüllük, bir dəfə edilən səhv onun qapısını birdəfəlik bağladı.

- Özlərini efirdə, tədbirdə apara bilməyənlərin səviyyəsi göz qarşısındadır, bəs istedadı?

- Bəzisi pis deyil, sadəcə özünü apara bilmir. Bəzisi də xəstədir. Mübariz istedadsız deyil, sazı hər cürə oynadır, normal saz çala bilər. Amma di gəl ki, özünü apara bilmir. Bu adam bilmir ki, sazla hər cürə davranmaq olmaz. Onun artıq şüuru işləmir. Əgər o üzünü apara bilsə, mən onu efirə də buraxaram. Amma o bir "obraz"la qapılarını bağladı.

- Gənclərdən giley-güzar edirik, amma tanınmış aşıqlardan da bəziləri sazı başına qaldırır...

- Düz deyil, sazın yeri dədə-babadan sinədir. Saz ürəyin üstündə olur. Əgər barmaqlarında istedad yoxdursa, istəyirsən sazı lap kosmosa qaldır. Yenə də mənası yoxdur.

- Zəlimxan Yaqubdan əvvəl Aşıqlar Birliyinin sədri olmuş Zümrüd Əsgərqızı aşıq Əhlimanı "sirk ustası" adlandırırdı...

- Əhliman aşıqdır, məclisi ələ almağı bilir. O, bu günlərdə Gədəbəydə elə bir ifa göstərdi ki, hamını ələ aldı. Cəmiyyətdəki adamların hamısının sənətə münasibəti ciddi deyil ki. Adamların arasında zövqsüz, səviyyəsizləri olduğu kimi pulu olan adamlar da var. O zövqsüz, səviyyəsiz imkanlı adam şou istəyir. Dedim axı, səviyyəsi bura kimidir. Pullu adamlara sənət deyil, meymunluq edən ifaçılar lazımdır. O, da "Space"dəki adamları tapır, pulu da var, verir. Deyir ki, "meymunluğu gözümün qarşısında elə". Sənətə ciddi münasibəti olan adamlar isə onları nə qəbul edir, nə də məclislərinə dəvət edir.

- Deməli, ciddi sənəti pullan almaq olar?

- Belə görünür ki, mümkün oldu. Təəssüf...Ortada görünən aşıqlar var ha, onlar bir gün efirdə olmasa elə bil min ildi ki, yoxdur. Nə qalacaqsa Ədalət Nəsibovdan, Kamandar Əfəndiyevdən, Hüseyn Saraclıdan qalacaq.


Bahar Rüstəmli
AzNews.az