Aktyor Hikmət Rəhimova əsəbiləşdi: “Taxtabiti” sənsən, səni bura gətirən və arxanda dayananlardı”

Aktyor Hikmət Rəhimovun “Azdrama”nı “taxtabiti yuvası” adlandırması Akademik Milli Dram Teatrının bütün kollektivini özündən çıxarıb. Aktyorlar Hikmət Rəhimovdan kollektivi təhqir etdiyinə görə, üzr istəməsini tələb edirlər.

Akademik Milli Dram Teatrının aktyoru Mətləb Abdullayev AzNews.az-a müsahibəsində bu qalmaqalın daha da böyüyəcəyini deyir.

-Hikmət Rəhimov deyib ki, “mən taxtabitilər”dən canımı qutardım. Onun bu sözü mənə çox toxunub. Sən,axı, kimsən ki, o boyda teatrı və onun kollektivini təhqir edirsən? Burda sən də işləmisən, ailənə çorək aparıbsan. Sənin kiminləsə problemin varsa, adıyla danış. Hikmət düz deyib, amma tərsinə deyib. Azər Paşa Nemətov bura rəhbər təyin olunandan sonra “Azdrama” “taxtapitilər”dən təmizlənib. Onların hamısını teatrdan rədd edib. İndi teatr tər-təmizdir. Nə biti var, nə də sirkəsi. Adamın bir abır-həyası olar? Bu boyda teatr haqqında danışırsan, düşün ki, kimləri təhqir edirsən? Sənin saçının tükü qədər bu məkan sənətkar yetişdirib. “Taxtabiti” sənin özünsən. Səni bura özün kimi bir “taxtabiti” gətirmişdi. O, da səndən əvvəl getdi. Onun bu sözü mənim şəxsiyyətimə toxunub.

-Hazırda Akademik Milli Dram Teatrında mühit necədir?

-Heç olmasa insanlar bir-birinə salam verməyə başlayıb. Mübahisələr, çəkişmələr aradan götürülüb.

-Yaradıcılıq abı-havası necə?

-Yaradıcılıq başqa plandadır. İsrafil İsrafilov bu teatra gələndən sonra hamı bir-birinə dəydi. Neçə ildir birlikdə yol gələn teatr kollektivi bir-biri ilə düşmən idi. İsrafil İsrafilov bu teatrın bütün bünövrəsini dəyişmişdi, hamı bir-biri ilə çəkişmədə idi. Teatrda qruplaşmalar hökm sürürdü, heç kəs bir-birinə salam vermirdi. O, gedəndən sonra çəkişmələr yavaş-yavaş arada götürülür, insanlar bir-birinə isinişir. Əslində teatrda yaradıcılıq birinci plandadır. Amma bu o vaxt olur ki, kollektiv mehriban olsun, insan iş yerinə rahat gəlməlidir, orada darıxmamalıdır, birinə salam verib, birinə yan çevirməmlidir. “Azdrama”da mühit belə idi. Artıq bu abu-hava aradan götürülüb. Mən heç kəsə əyilən şəxs deyiləm, amma baxıram ki, Azər Paşa Nemətov teatrda aktyorlar üçün nəsə etməyə can atır, insani münasibətlər bərpa olunub. Hər şey yerinə qayıdıb. Əvvəl isə hamı bir-birinə “güllə” atırdı, yaşlı- böyük qalmamışdı. Şükür ki, biz buna az müddətdə nail ola bildik.

-Sabiq direktor İsrafil İsrafilovun qruppasında olan aktyorlar indi bu mühiti görəndə az da olsa etdikləri xəyanətdən peşimançılıq çəkirlər?

-Ad çəkmək istəmirəm. Onlar bu kollektivə xəyanət edib. Onlar üçün dəxli yoxdur başda kim oturub, ancaq stol maraqlıdır. Amma mənim üçün bunun fərqi var. Səmimiyyət var, bir qabdan çörək yeyirik, yasımız xeyrimiz birdir. Hikmət Rəhimovun belə söz deməsi gülüncdür. Sən bu teatra gəldin, layiq olmadığın rolları oynadın. İndi belə bir ocağı “Taxtabiti” adlandırırsan. Hikmət, bunu niyə “Qatil”də oynayanda demirdin ki? Hünərin vardı, onda deyəydin də. “Taxtabiti” sənsən, səni bura gətirəndi və arxanda dayanan dayaqlarındı. Daha o dayaqlar yoxdur, hamısı teatrdan qovulub. Ə, adam oturduğu adamla bir stəkan çay içir ömrü boyu onun tərəfin saxlayır. Sən 5 il burada oturmusan, bizimlə bir qabdan yemisən, sonra da bizi təhqir edirsən, çörək yediyin qaba tüpürürsən. Deməli, sən insan kimi hələ formalaşmamısan. Səviyyən budur, özündən böyüklərə, gör, nə deyirsən. Səni xəbərdar edirəm, bir də bu teatrı və kollektivi təhqir etsən qarşında bizi görəcəksən. Bu mənim şəxsi fikirimdir.

-Hikmət Rəhimov teatrdan qovulanda onun tərəfdarları “Getmək çıxış yolu deyil, qalıb mübarizə aparmalı idi” deyə onu rəhbərliklə mübarizəyə səsləyirdilər...

-Hikmət böyük fiqur deyil ki, mübarizə də aparsın. O, bizimlə mübarizə apara bilməz. O, teatrda olanlarla bağlı yazı yazmışdı. Əgər bunu mən etsəydim, iclasda hamının qarşısında etiraf edərdim. Deyərdim ki, bəli bunu mən etmişəm. Amma o, neylədi? Soruşanda ki, “Hikmət bunu sən yazmısan?” kollektivin içində susdu, başını aşağı salıb heç nə olmamış kimi oturdu, hünərin çatıb “eləmişəm” deyə bilmədin. Adam bir işi görəndə onu etiraf edər. Susursan, sonra gedirsən və başlayırsan təhqirə. Bu nəyə və kimə yaraşar? İsrafil getdi. Onun mövqeyini dəstəkləyən, tərəfini tutan adamlar vardı. Bir nəfər durub demədi ki, niyə getdi? Bitdi, qutardı. Sən də gəldin alınmadı, indi də getmisən, kim ömürlük bir yerdə qalır? Səni gətirən bilirdi ki, bu teatr sənin yerin deyil. Amma buna baxmayaraq, sənə “Azdrama”nın kollektivinə əsəb olsun deyə böyük rollar verdilər. Onların obrazında başın gicəlləndi. Kiminsə adamın idin deyə yuxarı katiqoriyaya qoydular. Qalıb işləyəydin də. Niyə işləmədin? Baxdın ki, sənin layiq olduğun öz rollarını verməyə başladılar, xəyanətə əl atdın. Balaca rollardan utandın. “Bu nədir, indi mən belə rollarda oynayacam?” deyə üsyana qalxdın. Sənətin vardısa, mübarizə aparardın. Bir daha deyirəm, “taxabiti” sənsən, səni bura gətirən və arxanda dayananlardır. Get hara, kimə deyirsənsə de. Bunu Mətləb deyir və arxasında da dayanır.

Bahar RÜSTƏMLİ

AzNews.az