Vüqar Əhməd narazı qalıb



Dünən şair Vüqar Əhməd saytımıza açıqlama verərək "Xəzər" TV-də baş verən qalmaqal haqqında fikirlərini bölüşmüşdü. Həmin məqalənin yayımlanmasından sonra redaksiyamıza telefon açan Vüqar Əhməd bəzi fikirlərinin yanlış anlaşıldığı iddia edərək, saytımıza baş verənlərlə bağlı ətraflı informasiya ünvanlayıb.

Məlumat üçün bildirək ki, qalmaqala səbəb "Xəzər" Tv-də Manaf Ağayev populyar müğənnimiz Baloğlan Əşrəfovun ifa etdiyi "Anam mənim" mahnısını səsləndirməsi olub. Belə ki, Manaf Ağayev mahnının Baloğlan Əşrəfova məxsus olduğunu söyləməklə Vüqar Əhmədin etirazlarına səbəb olub.

"Bu mahnının sözləri mənə, musiqisi isə Rauf Məmmədova məxsusdur. İfa bədahətən alındığından müğənni müəlliflərin adını çəkmədi. Dahi kaman ustası Habil Əliyev Manafın haqqında çox xoş sözlər söylədi. Bu isə məni sevindirdi". Bu sözləri Vüqar Əhməd AzNews.az-a söyləyib.

O, daha sonra bəzi fikirlərinin əməkdaşımız tərəfindən yanlış anlaşıldığını iddia edib: "Dedim, bir dəfə İctimai TV-də də adımı çəkməmişdilər, zəng vurdum aparıcı düzəliş etdi. "Xəzər"ə zəng edəndə isə, verilişin redaktoru deyib, uzaqdayam və bildirdim ki, Manaf mənim dostumdur incimirəm. Sadəcə fikir bölüşdük ki, Manafdan qabaq Yaqub Məmmədov, Arif Babayev, Alim Qasımov kimi böyük xanəndələrimiz var. Habil müəllim həmişə Ehtiramla Babəki tərifləyir. Bu gün də Manafı bəyənib. Bildirirəm ki, orada yazılan bəzi fikirlərim yanlış anlaşılıb və mən Habil Əliyevi dahi Azərbaycan sənətkarı hesab edirəm. Bizim çox yaxşı münasibətimiz var. Həmişə mənə hörmət göstərib. Manaf Ağayevi isə ilk dəfə ekrana mən çıxartmışam. Manaf mənim yaxın dostum, mahnılarımın ifaçısı və populyar müğənnidir".

AzNews.az