“Siyah sancak: Mübariz” filmində Xocalı faciəsi də yer alıb - Rejissor

Bu gün Biləsuvar rayon İcra Hakimiyyəti Azərbaycanın Milli qəhrəmanı Mübariz İbrahimovun həyatından bəhs edən “Siyah sancak: Mübariz” filminin yaradıcı heyəti ilə görüşəcək.

Bunu AzNews.az-a açıqlamasında sözügedən filmin rejissoru və senari müəllifi Recai Bozkurt deyib. O, qeyd edib ki, bu, Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı ilə filmin yaradıcı heyətinin ikinci görüşüdür:

“Mübariz İbrahimov bütün türk dünyasının qəhrəmanıdır. Hazırdan İrandan filmlə bağlı təcrübəli mütəxəsislər dəvət olunub. Xocalı səhnələrini çəkmək üçün onlar artıq burdadır. Biz filmdə 1992-ci illərə, yəni Xocalı faciəsinə də yer verəcəyik”.

Recai Bozkurt onu da əlavə edib ki, filmin çəkilməsi üçün ilk öncə Mübariz İbrahimovun atasından xeyir-dua alıb: “Bizi çox gözəl qarşıladılar. Bakıya gələndə dedik ki, ilk öncə bu ailəyə gedib, Ağakərim İbrahimovla görüşüb, onun icazəsini alaq”.

Rejissor “Siyah sancak: Mübariz” filminin çəkilməsi üçün Türkiyədən maliyyə dəstəyinin böyük olduğunu deyib: “Dövlət qurumları, özəl şirkətlər, türk iş adamları və s. hər kəs bu filmə maliyyə dəstəyi verir”.

Qeyd edək ki, Azərbaycanın Milli qəhrəmanı Mübariz İbrahimovun həyatından bəhs edən “Siyah sancak: Mübariz” filminin çəkilişlərinə başlanılıb. Çəkiliş Türkiyənin NUH şirkəti tərəfindən aparılır.

Bahar RÜSTƏMLİ
AzNews.az