“Forum bir daha göstərir ki, Azərbaycan Respublikası inkişaf edir“

"Cənubi Qafqaz Forumunun keçirilməsi Azərbaycanın ictimi-siyasi həyatında çox mühüm hadisədir. Bu günkü forumda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri və 400-dən artıq yüksək səviyyəli mütəxəssislər, alimlər iştirak edir. Ümumilikdə foruma dünyanın 60 ölkəsindən hökumət və dövlət başçıları, 70 ölkədən alimlər qatılıb".

Bunu Disapora Komitəsinin sədri Nazim İbrahimov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, foruma bir neçə ölkənin dövlət başçısı və həmin ölkələrin ictimai-siyasi sahəsində çox mühüm yer tutan siyasətçilər iştirak edir. Komitə sədrinin sözlərinə görə, onlar öz idarəçilik təcrübələrini forum iştirakçıları ilə bölüşürlər: "Forum bir daha göstərir ki, Azərbaycan Respublikası bütün sahələr üzrə inkişaf edir. Forum iştirakçılarına eyni zamanda dahi Azərbaycan şairi Nizami Gəncəvi barədə geniş məlumat verildi. Çünki, xarici qonaqların əksəriyyəti wikipedia internet ensklopediyasında oxuduqları əsasında çıxış edirdilər. Forumda qadın məsələləri, dinlərarası, mədəniyyətlərarası dialoq, regionda gedən proseslər, Dağlıq Qarabağ münaqişəsi və bölgədəki digər münaqişə ocaqları ilə bağlı vəziyyət müzakirə olunacaq və bunun əsasında çox mühüm çağırışlar olacaq".

Xatırladaq ki, bu gün Bakıda "Four Seasons" hotelində Cənubi Qafqaz forumu öz işinə başlayıb. Forumda Azərbaycan prezidenti İlham Əliyev, Gürcüstan prezidenti Mixail Saakaşvili ilə yanaşı, Madrid Klubunun, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri və 400-dən artıq yüksək səviyyəli mütəxəssislər, alimlər iştirak ediblər.

İştirakçılar arasında İordaniya Kraliçası Nur, Yunanıstanın keçmiş xarici işlər naziri Dora Bakoyannis, İsrailin keçmiş baş naziri Ehud Barak, İordaniya Senatının prezidenti Tahir əl-Masiri, BMT-nin Baş Katibinin xüsusi müşaviri Nafis Sadik, İsgəndəriyyə kitabxanasının direktoru İsmayıl Serageldin, Latviyanın keçmiş prezidenti Vaira Vike Freiberga, Finlandiyanın sabiq prezidenti Tarya Halonen və digər qonaqlar, o cümlədən çoxsaylı Nobel və Oskar mükafatçıları var. Ümumilikdə foruma dünyanın 60 ölkəsindən hökumət və dövlət başçıları, 70 ölkədən alimlər qatılıb.//musavat.com//

AzNews.az