- Siyasi müzakirə
- 19 Yanvar 22:40
- 1 355
“Vaşinqton birqütblü dünya modeli qurmağa çalışır” - Azad Məsiyev
"ABŞ-da hakimiyyətdə kim olmasından asılı olmayaraq, istər Respublikaçı Partiyasından, istərsə də Demokrat Partiyasından olsun, hər iki partiya Amerika strategiyasına xidmət edir. Bugünkü vəziyyətdə prezident Trampın fəaliyyəti də məhz bu strategiyaya uyğundur. Amerika strategiyasına görə məqsəd dünyada birqütblü sistem yaratmaq və onun ABŞ tərəfindən nəzarət edilməsini təmin etməkdir. Zaman-zaman bu strategiya çərçivəsində müxtəlif addımlar atılıb. Xüsusilə dünya miqyasında hərbi xaos yaradılıb və bu xaos fonunda Amerika strategiyası həyata keçirilir. Bugünkü ABŞ planında istər Venesuela, istər Qrenlandiya olsun, məqsəd dünyanın güc mərkəzi kimi həm iqtisadi, həm hərbi, həm də siyasi gücü ABŞ-nin nəzarətinə gətirməkdir. Trampın fəaliyyəti yaxın 50 ilə hesablanmış bir plandır".
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev deyib.
Xatırladaq ki, Arktika bölgəsi qlobal güclər arasında artan geosiyasi rəqabətin əsas mərkəzlərindən birinə çevrilib. İqlim dəyişiklikləri, yeni nəqliyyat marşrutlarının açılması və zəngin təbii ehtiyatlar regionun strateji əhəmiyyətini daha da artırır. Bu kontekstdə Qrenlandiya məsələsi yenidən beynəlxalq gündəmin ön sıralarına çıxıb. ABŞ-nin milli təhlükəsizlik prioritetləri, Rusiya və Çinin Arktikadakı fəallaşması, eləcə də Vaşinqton ilə Avropa müttəfiqləri arasında yaranan fikir ayrılıqları Qrenlandiyanı qlobal güc balansını müəyyən edən geosiyasi faktor kimi ön plana çıxarır. Hadisələrin fonunda Fransa Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi Pyer de Vilye bildirib ki, NATO ölkələri ABŞ-ın Qrenlandiyanı ələ keçirmək üçün mümkün hərbi əməliyyatı zamanı təşkilatın nizamnaməsinin 5-ci maddəsinə istinad etməyəcək.
Siyasi şərhçi bildirib ki, Qrenlandiya məsələsi yalnız iqtisadi deyil, həm də siyasi baxımdan dünya səhnəsində mövqeyini gücləndirmək üçün strateji əhəmiyyət daşıyır.
"Tramp hakimiyyətə gələn andiçmə mərasimindən təxminən bir il sonra açıq bəyan etmişdi ki, Qrenlandiya Amerikanın nəzarətində olmalıdır. Tramp ümumilikdə Amerika qitəsini öz təsirinə salmaqla yanaşı, Avropanı da nəzarət altına almağa çalışır. Trampın Qrenlandiya ilə bağlı verdiyi bəyanatlar NATO blokunda, xüsusilə Avropa İttifaqında ciddi fikir ayrılıqları yaradıb və artıq blok daxilində müəyyən çatlar meydana çıxıb. Ümumilikdə məqsəd, həm iqtisadi, həm siyasi, həm də hərbi gücü ABŞ-nin nəzarətinə gətirməkdir. Dünyada bir güc və bir sistem yaradaraq onu nəzarətdə saxlamaqdır. Avropanın mövqeyindən asılı olmayaraq, Tramp Qrenlandiyanı nəzarətə alaraq həm Arktikada təbii sərvətlər üzrə rəqabətdə geri qalmamaq, həm də siyasi proseslərdə mövqeyini göstərmək istəyir. Ümumilikdə Tramp Avropa ilə Rusiya, həmçinin Avropa ilə Çin arasında qarşıdurmanın genişlənməsində maraqlıdır. Amerika strategiyasına görə dünyada üç əsas təhlükə mənbəyi mövcuddur: birincisi Rusiya hərbi güc baxımından, ikincisi Çin iqtisadi güc baxımından, üçüncüsü isə Avropa euro və maliyyə gücü baxımından. ABŞ bütün fəaliyyətini bu sahələrə yönəldir. Məsələn, Ukrayna münaqişəsi Rusiyanın hərbi gücünü zəiflətmək məqsədilə strateji bir vasitədir və münaqişədə sürətli nəticə əldə edilməməsi də məqsədli bir addımdır. Bu münaqişə müddətinin müəyyən fazalarda davam etməsi Rusiya ilə Avropa arasında qarşıdurma yaratmaq üçün planlanıb. Birləşmiş Ştatların planlarından biri də NATO ilə Rusiya arasında, daha doğrusu Avropa ilə Avropa İttifaqı və Rusiya arasında hərbi qarşıdurma yaratmaqdır. Bu plan zaman-zaman həyata keçirilir. Ukrayna münaqişəsi ilə Avropa, o cümlədən Böyük Britaniya, sülh əldə etmək üçün hər vasitədən istifadə edir. Lakin bu münaqişə Rusiya ilə Avropa arasında qarşıdurmanın başlanmasına səbəb ola bilər ki, bu da Avropa iqtisadiyyatını zəiflədərək, Avropanın maliyyə vahidi olan euronun dünya bazarından çıxmasına gətirib çıxara bilər. Məqsəd planlı şəkildə həyata keçirilir. Venesuela və İran məsələləri xüsusilə Çinə yönəlmiş layihələrdir; məqsəd Çinə gedən neftin qarşısını almaqdır. Ümumilikdə Arktika da bu planın bir tərkib hissəsidir, çünki Qrenlandiya həm təbii sərvətlər, həm də hərbi mövqelər baxımından strateji önəm daşıyır. Birləşmiş Ştatlar Qrenlandiyada nəzarəti gec-tez istər xoşluqla, istərsə də zorla həyata keçirəcək. Birləşmiş Ştatlar NATO blokunun parçalanmasında da maraqlıdır. İllər ərzində NATO çətirinin altında Avropa İttifaqı qorunaraq iqtisadi gücünü artırırdı. Hətta indiyə qədər Avropa İttifaqı gəlirinin 2 faizini NATO-nun maliyyələşdirilməsinə ayırırdı. ABŞ açıq şəkildə bildirib ki, əgər Avropa İttifaqı gəlirlərinin 5 faizini NATO-ya ayırmasa, Avropanın təhlükəsizliyinə zəmanət verməyəcək. Bu, dolayısı ilə müttəfiqlərin şantaj edilməsi deməkdir. Eyni zamanda Avropa iqtisadiyyəti öz gəlirlərini iqtisadiyyat əvəzinə hərbi sahəyə yönəltdiyi üçün dolayısı ilə iqtisadiyyat zədələnir. Ümumiyyətlə, Birləşmiş Ştatlar dünyada xaos yaradaraq öz maraqlarını həyata keçirir. Xüsusilə Qrenlandiya məsələsində Avropa İttifaqında yeni bloklaşma prosesi müşahidə olunur. Təxminən ona yaxın dövlət Qrenlandiyanın Avropanın balansında qalmasında rol oynayır. Bu proses göstərir ki, Birləşmiş Ştatlar və Avropa İttifaqı arasında böyük siyasi qarşıdurma yaranacaq. Təbii ki, burada hərbi qarşıdurmadan söhbət getmir, proses daha çox siyasi xarakter daşıyır. Birləşmiş Ştatlar bu proseslərdə qalib gələcəkdir. Hesab edirəm ki, dünyada baş verən bütün bu qalmaqallar Amerikanın strateji planının tərkib hissəsi kimi qiymətləndirilməlidir".
Rəfiqə Namazəliyeva,
AzNews.az