Borçalıda Aşıq Kamandarın büstü qoyulacaq

Sentyabrın 18-də XX əsr Azərbaycan aşıq sənətinin ən görkəmli nümayəndələrindən biri Aşıq Kamandar Əfəndiyevin Borçalıda – doğma kəndi Kürüstü Kəpənəkçidə büstünün açılışı olacaq.

Bu barədə AzNews.az-a məlumat verən Azərbaycan Aşıqlar Birliyinin mətbuat katibi Musa Nəbioğlu deyib.

Qeyd edək ki, ötən il ustad aşığın anadan olmasının 80 illik yubileyi Azərbaycanda və Gürcüstanda böyük təntənə ilə qeyd olunub. Yubiley ərəfəsində də Gürcüstanın müvafiq qurumları qərara alıb ki, bu böyük sənətkarın yaşadığı və hazırda həm də onun ev-muzeyi kimi fəaliyyət göstərən evin qarşısında büstü ucaldılsın.

M.Nəbioğlu onu da əlavə edib ki, Gürcüstanın Mədəniyyət naziri Quram Odişariyanın və Gürcüstanın digər rəsmilərinin qatılacağı tədbirdə Aşıq Kamandar Əfəndiyevin büstü ilə yanaşı həm də onun xeyli vaxtdır fəaliyyət göstərən ev-muzeyinin də rəsmi açılışı olacaq.

Bahar Rüstəmli
AzNews.az