Mehriban Əliyeva italiyalı ifaçıların konsertində

Dekabrın 18-də "Baku Crystal Hall"da İtaliya estradasının ötən əsrin 80-ci illərinin əfsanəvi ifaçıları "San-Remo festivalının ulduzları Bakıda" adlı maraqlı konsert proqramı ilə çıxış ediblər.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva konsertdə olub.

Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən konsertdə XX əsrin 80-ci illərində San-Remo şəhərində keçirilən İtaliya mahnıları festivalının milyonların qəlbini fəth etmiş əfsanəvi ulduzları - Al Bano, Toto Kutunyo, Pupo, Rikkardo Foli, Toni Espozito, Umberto Totsi, Mariya Fiordalizo, İvan Spaqn, eləcə də məşhur "Rikki e Poveri", "Matia Bazar" qrupları unudulmaz mahnılarını ifa ediblər.

Konsertin aparıcıları İtaliyanın dünya şöhrətli aktrisası Ornella Muti və Tural Əsədov idi.

Bakıda yenidən olmağından məmnunluğunu bildirən Ornella Muti şəhərimizin daha da gözəlləşdiyini bildirib. O, San-Remo festivalı ulduzlarının bu konsertinin paytaxt Bakının mədəni həyatında mühüm hadisə olduğunu vurğulayıb.

Anşlaqla keçən konsertdə İtaliya meqastarlarının ifa etdiyi mahnılar tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

İtaliyalı müğənnilər gözəl Bakı şəhərində belə möhtəşəm konsert verməkdən şad olduqlarını bildirib, Azərbaycan xalqının qonaqpərvərliyini yüksək qiymətləndirdiklərini qeyd ediblər.

Əfsanəvi Toto Kutunyonun xalq mahnısı "Sarı gəlin"i Azərbaycan dilində ifa etməsi tamaşaçıların sürəkli alqışlarına səbəb olub.

AzNews.az