Əlyazmalar İnstitutuna yeni direktor təyin edildi

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) kadr islahatları davam edir.

AMEA-dan AzNews.az-a verilən məlumata görə, islahatlar Akademiyanın M. Füzuli adına Əlyazmalar İnstitutuna da çatıb. Belə ki, bir neçə gün əvvəl AMEA-nın müxbir üzvü, professor Teymur Kərimli İnstituta direktor təyin edilib. İnstitutdan o da bildirilib ki, T. Kərimli hələlik yeni təyin olunduğu vəzifəsinin icrasına başlamayıb.

Xatırladaq ki, İnstitutun uzun müddət direktoru olmuş Məmməd Adilovun 2011-ci oktyabr ayında vəfatından sonra bu vəzifəni şair Əli Kərimin oğlu Paşa Kərimov icra edib.

Qeyd edək ki, AMEA-nın müxbir üzvü, Azərbaycan Respublikasının Dövlət mükafatı laureatı, filologiya üzrə elmlər doktoru, professor Teymur Həşim oğlu Kərimov 1953-cü il oktyabrın 2-də Naxçıvan Muxtar Respublikası Ordubad rayonunun Nürgüd kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Daha sonra AMEA Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasında təhsil alıb. Bir çox elmi əsərlərin və araşdırmaların müəllifidir.


Əhməd
AzNews.az