Bakı Uşaq Teatrı festivaldan qayıtdı

Bakı Uşaq Teatrı Türkiyədən səfərdən qayıdıb. Bunu AzNews.az- a teatrın direktoru İntiqam Soltan deyib. Ramazan Bayramı münasibəti ilə təşkil olunan festival 20 gün davam edib.

Direktorun bildirdiyinə görə, festival Qara dəniz yaxınlığında Bulancaq adlı şəhərdə baş tutub: "Bələdiyyə başqanının qarşısında böyük bir səhnəcik düzənlənmişdi. 20 gün o səhnəcikdə musiqi səsləri eşidilib, teatr tamaşaları nümayiş olunub.

Hər gün iftardan sonra bələdiyyə başqanı da daxil olmaqla hamı ora toplaşırdı. Festivalda İstanbulun ən tanınmış aktyorları, müğənniləri də iştirak edirdi. Bundan başqa Almaniya, Türkiyə, Ukrayna, Azərbaycan, Gürcüstan və s ölkələrin teatr truppalarının çıxışları festivala rəng qatırdı. Uşaq Teatrı isə bu festivalda 5-gün iştirak etdi. Bir saatlıq proqramda-"Şrek" tamaşasından bir parça, musiqi nömrələri, "Kosa-Keçəl" nağılı və s. nümayiş etdirdil. Maraqlısı budur ki, festivalda uşaqlarla yanaşı böyüklər də iştirak edirdi".

İ.Soltan bu festivalın mühim cəhətlərindən birini açıqladı: "Biz gələn il keçiriləcək festivala dəvət almışıq. Ən maraqlısı isə festivalın proqramını tərtib edənlərdən biri də Uşaq Teatrı olacaq".

Lalə
AzNews.az