Peyğəmbəri rüsvay edən film kinoteatrlarımızda - VİDEO

Kinosevərlərin çoxdan gözlədiyi "Nuh" filmi artıq bir müddətdir Bakı kinoteatrlarında nümayiş olunur.

Aronofskinin rejissorluğu ilə ərsəyə gələn bu Hollivud filmi olduqca uğurlu alınıb. Təkcə aktyorların möhtəşəm ifası və Rassel Krou, Cennifer Konelli, Emma Uotson və möhtəşəm Entoni Hopkins kimi ulduz heyətinə görə kinonu izləməyə dəyər. "Nuh"da qrafika həddindədir və tamaşaçını qıcıqlandırmır. Klint Mensellin möhtəşəm musiqisi isə bütün filmi daha da baxımlı edib.

Amma dindən bir balaca anlayışı olan və Nuh peyğəmbər haqqında məlumatı olanlar filmi izlədikdə dəhşətə gəlir. Çünki Nuh peyğəmbər filmdə təmamilə peyğəmbərlərə yaraşmayan tərəfdən təqdim edilib. Peyğəmbərdən bəhs edən filmin ssenarisi yazılarkən heç bir dini qaynaqdan istifadə edilmədiyi açıq-aydın görünür. Filmdə Nuh tufanı, Nuh peygəmbərin insanları dinə dəvət etməsi və s. detalların heç biri yer almayıb. Əksinə, Nuh peyğəmbər tamaşaçıya sərxoş vəziyyətdə təqdim edilir. Filmin sonunda Nuh üzüm şərabı içir və bir müddət sərxoş kimi yaşayır. Bütün səmavi dinlərdə şərab haram oldugu halda, filmdə peygəmbərə şərab içirilməsinə və onun sərxoş kimi qələmə verilməsinə nə ad qoymaq olar?

Elmi-dini məqalələri ilə tanınan gənc yazar Aysel Əlizadə "Nuh" filmini dinə əks təbliğat olduğunu deyir: "Bu filmi böyük səbrsizliklə gözləyirdim. İizlədim və dəhşətə gəldim. Filmin ssenarisi nə Bibliyidan, nə də Qurandan, heç bir dini qaynaqdan götürülməyib. Ssenarist özünün dar ağlı ilə bir film çəkib adını isə "Nuh" qoyub. Din adına təlqin edilənlərə baxın. Yer üzündəki canlıların hamısı təkhüceyrəli bir canlıdan əmələ gəlib və nəhayətində meymunlar da ilk insanlar olan Adəm və Həvvaya çevrilirlər. Dolayısı ilə insan meymundan əmələ gəlib. Bu darvinizm və təkamül nəzəriyyəsinin fərziyyəsidir, dinlə əlaqəsi yoxdur. Əgər canlılar tək hüceyrədən əmələ gəlmişdilərsə, niyə hz.Nuh o böyüklükdə gəmi düzəldirdi ki? Nuh peygəmbər filmdə özünə sığınan birinə köməklik etmir. Halbuki ayədə "Biz Nuhu öz xalqına (elçi) göndərdik. O, dedi: "Ey qövmüm! Allaha ibadət edin. Sizin Ondan başqa ilahınız yoxdur. Mən sizə üz verəcək Böyük günün əzabından qorxuram". Hz.Nuh zatən insanları xilas etməyə çalışırdı. Amma "Kafirlər onu yalançı hesab etdilər. Biz onu və onunla birlikdə gəmidə olanları xilas etdik". Filmdə Nuh peyğəmbər qız uşaqlarını öldürmək qərarı alır. Tarixdə heç bir peygəmbər ovladını öldürməyib, üstəlik qız uşaqlarını. Qız övlada aid necə gözəl hədislər vardır. Həzrəti Məhəmmədə qədər qız uşaqlarını öldürən ərəblərə Peyğəmbərimiz qadının ucalığını göstərib. Quranda Məryəm surəsi vardir və Allah Məryəmlə Fironun xanımı Asyanı bütün qadınlara örnək kimi misal çəkir."

Filmdəki səhvlərdən biri də budur: adam gəmiyə düşəcək qədər böyük bir dəlik açır və maraqlıdır ki, o dəlikdən içəri su dolmur. Bu detal da rejissorların nəzərindən qaçıb.

Çox qəribədir ki, bu Hollivud filmi Azərbaycandan əvvəl 100 milyona yaxın müsəlmanın yaşadığı Türkiyədə nümayiş edilib. "Nuh" filminin türk tamaşaçıda hansı təəssüratları yaratdığından, onların reaksiyalarından xəbərimiz yoxdu. Amma yaxşı olardı ki, "Nuh" filmini izləyən azərbaycanlı kinoşünasların, din xadimlərinin münasibətini öyrənmək pis olmazdı. Çünki insanlığa nümunə olan peyğəmbərlərin bu şəkildə təqdimatının hansı məqsədlər güdüldüyünü bilmək çox maraqlı olardı...(ANS)