Bakıda festival keçirilir

Bakıda 4-cü Beynəlxalq Uşaq Muğam Festivalı keçirilir. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, qurumun dəstəyi ilə "Kainat" Gənclik Mərkəzinin reallaşdırdığı bu layihənin əsas məqsədi muğam ənənələrini yaşatmaq və milli dəyərlərimizi bu orijinal musiqi forması ilə dünya miqyasında tanıtmaqdır: "İlk dəfə 17 il öncə Respublika miqyasında təşkil olunan Uşaq Muğam Festivalı hazırda 4-cü ildir ki, beynəlxalq səviyyədə reallaşmaqdadır. 2009-cu ildə start götürən 1-ci Beynəlxalq Uşaq Muğam Festivalının işində yalnız 1 ölkə (Özbəkistan) iştirak edirdisə, hal-hazırda təmsil olunan ölkələrin sayı Azərbaycan da daxil olmaqla 8-ə çatıb".

Qeyd edək ki, may ayından başlanan seçim turları sentyabr ayında yekunlaşıb. Azərbaycanı bu festivalda müxtəlif regionlardan gənc istedadlar təmsil edir. Həmçinin, təşkilat komitəsinin qərarı ilə aşağıdakı nominasiyalar üzrə mükafatlar təsis edilib:
- baş mükafat Gran-pri, pul mükafatı, bir 1-ci yer, iki 2-ci yer, iki 3-cü yer, beş həvəsləndirici.

Onu da bildirək ki, yuxarıda qeyd olunan nominasiyalardan əlavə finala vəsiqə qazanmış hər bir iştirakçı Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin diplomları ilə təltif olunacaq. Baş mükafatın sahibi və digər qaliblər üçün isə xüsusi diplomlar təsis edilib.

Qaliblərin müəyyən edilməsi onların çıxışlarından dərhal sonra baş tutacaq. Mükafatlandırma mərasimi isə bütün çıxışların yekununda müəyyənləşəcək.

Qeyd edək ki, Festivalın final mərhələsi oktyabrın 12-də Beynəlxalq Muğam Mərkəzində keçiriləcək.

Sevinc
AzNews.az