Azərbaycan tarı YUNESKO-da

Azərbaycan musiqi alətlərindən olan tar YUNESKO-ya təqdim olunacaq. Bunu AzNews.az-a Azərbaycanın YUNESKO üzrə eksperti Sənubər Bağırova dedi: "Biz onu YUNESKO-ya təqdim etmişik. Amma bu məsələyə dekabr ayının əvvəlində keçiriləcək sessiyada baxılacaq. Tarın musiqi aləti kimi orada qəbul olunmasına o vaxt qərar veriləcək".

Bir çox ölkələrdə tar musiqi alətinin varlığını dilə gətirən ekspert Azərbaycan tarının çox önəmli xüsusiyyətlərə malik olduğunu bildirdi: "Azərbaycan tarı başqalarından fərqlənir. Tarın quruluşu, mədəniyyətdə əhəmiyyəti, cəmiyyətdə olan münasibəti önə çəkiləcək. Biz onu təmsiledici siyahıya daxil eləmişik. Tar Azərbaycan mədəniyyətini təmsil edir. Elə bilirəm ki, bu musiqi aləti YUNESKO-da qəbul olunar".

Bahar Rüstəmli
AzNews.az