Xanlar Bəşirov: “Hansısa qüvvələr rəqsimizin məhvinə çalışır” Xanlar Bəşirov: “Hansısa qüvvələr rəqsimizin məhvinə çalışır”

“Polad Bülbüloğlu məşq otaqlarını əlimizdən aldı” - İDDİA

Xanlar Bəşirov: “Hansısa qüvvələr rəqsimizin məhvinə çalışır”



"Azərbaycan milli rəqs sənəti uçurumdadır. Rəqs sənətinə qayğı yoxdur. Milli rəqsimiz çox bərbad vəziyyətdədir. Bu sənət yetim uşaq kimi bir kənara atılıb, boynunu büküb ki, kimsə ona atalıq edəcək. Kim necə istəyir elə də hərəkət edir". Bunu AzNews.az-a açıqlamasında Əməkdar artist Xanlar Bəşirov dedi.

X.Bəşirovun sözlərinə görə, Azərbaycan Milli Rəqs sənətində Əlibaba Abdullayev deyilən bir məktəb var: "Faciədir, Xeroqrafiya Məktəbində bu sənət tədris olunmur. Yaxşı, onda bu məktəb nə üçündür? Azərbaycan milli rəqs sənəti məhv edilir. Kamil Dadaşov, Qorxmaz Qurbanov bu sənətin korifeyləridir. Hansısa gözə görünməyən qüvvələr var ki, bu sənətin məhvi istiqamətində çalışır. Özü də bu proses indi deyil, SSRİ vaxtından gedir. Musiqimizin dərin kökü olan rəqs folklorumuz gözümüz baxa-baxa məhv edilir. Mən əqidəmə uyğun olmayan insanlarla işləyə bilmədim. Ona görə də kənarda qaldım".

Rəqqasın fikrincə, filarmoniyanın direktoru Murad Adığözəlov ona lazımi şəraiti yaradıb. Amma milli rəqs sənəti üçün nəzərdə tutulan zallar şəxsi kabinetlərə verilib: "Əfsuslar olsun Azərbaycan Dövlət Filarmoniyasında məşq və çıxışlar etmək üçün şərait yoxdur. Zirzəmidə, stunların arasında Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının fəaliyyət göstərməsi ən azı milli rəqs sənətinə düşmənçilikdir. Bunlar Polad Bülbüloğlunun vaxtında oldu. Polad Bülbüloğlunun vaxtında bütün məşq otaqları əlimizdən alınıb kabinetlərlə əvəzləndi. Futbol meydançası kimi böyük kabinetlər toplusu yarandı. Orada işləyənlərin rahatlığı naminə sənətkarlar zirzəmiyə salındı. Orada çalışmaq çox çətindir. Zirzəmidə şərait yoxdur. Bütün bunları etmək üçün maliyyə vəsaiti, baza lazımdır. Hamı görür və bilir ki, rəqs sənətinə maliyyə ayrılmır. Gözəgörünməyən qüvvələr bu sənəti məhv etmək istəyir. Dünyanın heç bir yerində belə bir mədəniyyət yoxdur. Amma təəssüflər olsun ki, belə bir zəngin mədəniyyət dövlət qayğısından məhrumdur".

Bahar Rüstəmli
AzNews.az