Keçmiş nazir müavini “Beynəlxalq Labaratoriya“da

Musiqili Komediya Teatrı 8-16 noyabr tarixlərində Rusyanın Soçi şəhərində keçiriləcək "XXI əsrin musiqili teatrı Beynəlxalq Labaratoriyası"ına dəvət alıb. "Liqa Art Musiqi layihələri" Yeni Proqramlar Mərkəzinin, M.İ.Qlinka adına Ümumrusiya Mərkəzi Musiqi Mədəniyyəti Muzeyinin və Soçi Konsert-Filarmoniya Birliyinin birlikdə təşkil etdiyi və Rusiya Mədəniyyət Nazirliyi ilə Sankt-Peterburq Mədəniyyət Komitəsinin maliyyə dəstəyi ilə keçirilən bu tədbirdə iştirak etmək üçün teatrının direktoru Əliqismət Lalayev noyabr ayının 8-də Soçiyə yola düşəcək.

Musiqili teatr rəhbərlərinin, teatr tənqidçilərinin, librettoçu-dramaturqların və bəstəkarların bir araya gələcəyi tədbirdə iştirakçılar musiqi aləmində baş verən yeniliklərlə, Rusiyanın və dünyanın müxtəlif ölkələrindən dəvət olunmuş bəstəkarların yeni musiqili əsərləri ilə tanış olacaqlar. Musiqili teatrlar üçün maraqlı əsərlər yazan məşhur və tanınmış bəstəkarlarla görüşlər, teatr rəhbərləri ilə fikir mübadiləsi aparmaq və gələcəkdə qarşılıqlı qastrolların təşkili məsələləri də toplantının iş planına daxildir.

2003-cü ildən mütəmadi olaraq təşkil edilən bu tədbir Rusiyada musiqili teatr rəhbərlərini yeni yaradılmış musiqili əsərlər və bədii ideyalarla tanış etmək missiyasını öz üzərinə götürən yeganə toplantıdır. Bundan öncə keçirilən laboratoriya məşğələlərində müzakirə olunan əsərlər Rusiya və dünya teatr səhnələrinə uğurla yol açır.

Bu il iştirakçılara Aleksandr Çaykovski, Vladimir Kobekin, Tatyana Kamışeva, Aleksandr Smelnov, Aleksandr Knaifel eləcə də, gənc bəstəkarlar Anastasiya Bespalova, Aleksey Syumak, Nikolay Majara və Anton Tanonov kimi rus bəstəkarlarının əsərləri təqdim olunacaq. Tədbirdə Rusyanın aparıcı teatrlarının rəhbərlərindən və bəstəkarlarından, dramaturqlarından əlavə Ukrayina, Belarusiya, Qazaxstan, Moldova kimi ölkələrdən də nümayəndələr iştirak edəcək.

Bahar Rüstəmli
AzNews.az