İntihar edən abituriyentin atasını öldürən şəxs hakim qarşısında

İntihara səbəb Pənah Quliyevin qəbul imtahanında yaxşı nəticə göstərməməsi olub.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qaynını öldürməkdə təqsirləndirilən Eldar Məmmədovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Hakim Əliövsət Abasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı noyabrın 29-na təyin edilib.

Məlumata görə, M.Quliyev işləmək üçün Rusiyaya gedib. Daha sonra Bakıda yeznesi E.Məmmədovun adına özü üçün mənzil alıb. M.Quliyev hadisədən bir müddət əvvəl Rusiyadan Bakıya qayıdıb və E.Məmmədovdan evi onun adına keçirməsini istəyib. Lakin hər iki şəxs arasında mübahisə düşüb, iş məhkəməyə qədər gedib çıxıb.

Məhkəmə binasına yaxınlaşanda E.Məmmədov əvvəldən özü ilə götürdüyü çəkiclə arxadan M.Quliyevin başından zərbə endirib. O, huşunu itirərək yerə yıxılıb. Daha sonra E.Məmmədov yerdə uzanmış vəziyyətdə olan M.Quliyevə daha doqquz zərbə endirib. Bundan sonra yaxındakı adamların köməyi ilə M.Quliyev xəstəxanaya yerləşdirilib. Lakin o, bir neçə gün sonra vəfat edib.

Xatırladaq ki, bu il mayın 13-də qətlə yetirilmiş M.Quliyevin 17 yaşlı oğlu Pənah Quliyev qəbul imtahanından çıxandan sonra gecə saatlarında özünü yaşadığı binanın 4-cü mərtəbəsindən ataraq intihar edib.

İntihara səbəb P. Quliyevin qəbul imtahanında yaxşı nəticə göstərməməsi olub. (oxu.az)

AzNews.az