Arvadına sataşdığına görə iki qardaşı güllələmişdi - Yeni xəbər var

Ömürlük cəza 20 ilə endirildi

Ali Məhkəmədə iki qardaşı qətlə yetirməkdə təqsirləndirilən Zaur Tərlanovun barəsində olan məhkəmə qərarından verilən kassasiya şikayətinə baxılıb.

AzNews.az-ın məlumatına görə, hakim Fərhad Əliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, əvvəlki məhkəmənin çıxardığı qərar tamamilə ləğv edilib, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib.

Qeyd edək ki, 2016-cı ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Z.Tərlanov ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi isə hökmü qüvvədə saxlayıb. Daha sonra məhkum kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib. Ali Məhkəmə qərarı tamamilə ləğv edib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərib. Bakı Apellyasiya Məhkəməsi isə Z.Tərlanovun cəzasını 20 ilə endirib. Zərərçəkmişin hüquqi varisi həmin qərardan kassasiya şikayəti verib.

Xatırladaq ki, Baş Prokurorluq Qaradağ rayonunda törədilmiş bu qətllə bağlı məlumat yayıb.

Məlumatda bildirilir: “2015-ci il yanvarın 8-də, saat 17:00 radələrində Qaradağ rayonu, Sahil qəsəbəsində yaşayan Zaur Tərlanov aralarında yaranmış mübahisə zəminində özünə məxsus “Vinçester” markalı odlu silahdan Sahil qəsəbəsinin girişində yolun kənarında dayanmış “Lexus” markalı avtomobilin içində oturmuş həmin qəsəbə sakinləri 1980-ci il təvəllüdlü Cavid və 1985-ci il təvəllüdlü Cahid Rəhimov qardaşlarına bir neçə dəfə atəş açaraq, onları qəsdən öldürüb, hadisə yerindən qaçıb. Daxil olmuş məlumat əsasında dərhal hadisə yerinə və meyitlərə baxış keçirilib, maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq, müvafiq ekspertizalar təyin edilib.

Qaradağ Rayon Polis İdarəsi və prokurorluğun əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Z.Tərlanov tutularaq istintaqa cəlb edilib”.

İstintaq zamanı məlum olub ki, qətl törədən Zaur Tərlanov “Standartbank”ın Qaradağ rayonunda yerləşən filialının işçisi olub. Öldürülən qardaşlar isə Dərin Özüllər Zavodunda işləyiblər.

Güllələnən qardaşlardan birinin Zaur Tərlanovun xanımı ilə yaxın əlaqələri olub. Zaur bununla bağlı qardaşları görüşə çağırıb. Söhbət zamanı qətlə yetirilən qardaşlar Zaura hədə-qorxu gəliblər.

Yanvarın 8-də axşam saatlarında Zaur Tərlanov işdən qayıdan qardaşların “Lexus” markalı maşınının (dövlət nömrə nişanı 90 RC 008) qarşısını kəsərək odlu silahla onlara atəş açıb. Qətli törədən və qətlə yetirilən qardaşlar bir qəsəbənin, yəni Sahil qəsəbəsinin sakinləri olublar.

Araşdırmalar zamanı qətllə bağlı səsləndirilən versiyalara kölgə sala biləcək faktlar da ortaya çıxıb. Belə ki, öldürülən qardaşların anası Nigar Rəhimova yüksək məbləğdə faizlə borca pul verirmiş. Bununla bağlı dəfələrlə narazılıqlar olub.

Hadisə şahidlərinin sözlərinə görə, Rəhimovlar ailəsi çox harınlanmış bir ailə olub.

Belə ki, hər iki ailə arasında əvvəllər yaxın münasibətlər olub. Hətta qətli törətməkdə şübhəli bilinən Zaur Tərlanovun bankdan aşağı faizlə Rəhimovlar ailəsinə pul təşkil etdiyi və onların həmin pulları yüksək faizlə dövriyyə buraxdıqları də məlum olub. Sonralar hər iki ailə arasında münasibətlər pozulub. Zaurun toyunda da qardaşların anası və özləri iştirak ediblər.

Güllələnən qardaşların və Zaur Tərlanovun ataları Dərin Özüllər Zavodunda bir yerdə işləyiblər. İstintaq zamanı məlum olub ki, əvvəllər də ailələr arasında narazılıqlar yaşanıb. Zaur öz həyat yoldaşını yayılan xəbərlərə görə dəfələrlə döyüb. Qətli törədən şəxsin xanımı ilə adı hallanan qardaşlardan biri Zaura bu xəbərlərin şayiə olduğunu deyib.

Araşdırma zamanı Zaur Tərlanovun Bakının mərkəzindən ev aldığı və onun xanımının həmin evdə yaşadığı da ortaya çıxıb. Zaur Tərlanov kimi qətlə yetirilən qardaşlar da ailəli olublar.

Azər
AzNews.az