13 erməni terrorçunun məhkəməsi başladı

Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib

Bu gün Ermənistan vətəndaşlarından ibarət terrorçu silahlı birləşmənin tərkibində döyüşən - Bakı Ağır Cinayətlər Məhkəməsində Karapetyan Rafik Robertoviç, Qoloyan Qurgen Hovannesoviç, Tadevosyan Hrayr Seryojeviç, Maloyan Vaqarşak Merojanoviç, Yeğiazaryan Sasun Seyranoviç, Vardanyan Arsen Araikoviç, Bahrikyan Vahagen Edikoviç, Soğomonyan Setrak Samveloviç, Dilanyan Arman Vazgenoviç, Martoyan Manuk Hovanesoviç, Ambardanyan Mels Karapetoviç, Mikaelyan Andranik Vazgenoviç və Qriqoryan Feliks Arşakoviçin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

AzNews.az xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra təqsirləndirilən şəxslərin vəkilləri bütün proseslərin video-audio görüntüləri ilə keçirilməsiylə bağlı vəsatət qaldırıb.

Vəsatət təmin edilib.

Hakimlər kollegiyası təqsirləndirilən şəxslərə hüquqlarını izah edib. Bildirilib ki, onlar dövlət hesabına vəkillə təmin edilib.

Məhkəmənin baxış iclası iyulun 1-nə təyin edilib.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən 13 dekabr 2020-ci il tarixdə keçirilmiş antiterror əməliyyatı nəticəsində tərksilah edilmiş Ermənistan Respublikasının vətəndaşları olan silahlı dəstələrin üzvləri barəsində DTX-nin İstintaq Baş idarəsində başlanmış cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

İstintaq nəticəsində müəyyən edilib ki, cinayətkar silahlı birləşmələrin üzvləri 2020-ci ilin 26-27 noyabr tarixlərində Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq mütəşəkkil dəstə halında keçməklə Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində meşəlik və digər ərazilərində döyüş mövqeləri tutaraq 13 dekabr 2020-ci il tarixədək olan müddət ərzində ölkə ərazisində yerləşən müəssisə, idarə, təşkilatlara, habelə ayrı-ayrı şəxslərə silahlı basqınlar edib, ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, Azərbaycan Respublikasının dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və digər terror əməlləri törədiblər.